Logo

Məktəblərin girişində qəssabxana: Heyvan kəsimi uşaq psixologiyasına necə təsir edir?

23.10.2021 09:44 540 baxış
IMG

Heyvanların uşaqların görə biləcəyi yerlərdə kəsilməsi hər zaman müzakirə mövzusudur.

İllərdir bununla bağlı iradlar və etirazlar olsa da, heç nə dəyişmir. Hazırda hər məhəllədə qəssabxanalar var və orada azyaşlı uşaqların gözü qarşısında heyvanlar kəsilir, doğranılır, hətta kəsilən heyvanın baş və ayaq hissələri küçəyə düzülür.

Eyni mənzərəni demək olar ki, bütün şəhərdən kənar yollarda görürük. Bununla yanaşı bir çox məktəbin yaxınlığında da bu antisanitar qaydada fəaliyyət göstərən qəssablara rast gəlmək mümkündür.

Bununla bağlı bir çox araşdırma və xəbər hazırlanıb, amma biz bu dəfə bunun uşaqlara mənfi təsirdən danışacağıq. Çünki indiyədək aparılan saysız-hesabsız müzakirələr heç bir fayda verməyib. Lakin nəzərə almaq lazımdır ki, bu, uşaq psixologiyasına birbaşa təsir edir. Hər kəsin evində övladı var və heç kim onların pisliyini istəməz.

Buna baxmayaraq, uşaqlarımızın psixologiyasının çox kobud şəkildə pozulmasına, hətta onların gələcəyinə təsir edən məqamların ortaya çıxmasına göz yumuruq. Əslində, bu övladlarımızın gələcəyi üçün açıq bir təhdiddir.

Ümumiyyətlə, uşaqların heyvan kəsimlərinə şahid olması onların psixologiyasına necə təsir edir? Bu, onlarda hansı fəsadlara yol aça bilər?

Tehsil.biz xəbər verir ki, mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki, heyvanların kəsilməsinin şahidi olan azyaşlı uşaqların ağlına tez-tez qəribə suallar gəldiyi üçün psixologiyaları pozulur:

“Təəssüf ki, biz hazırda məktəblərin önündə belə qəssabxanaların mövcud olduğunu görürük. Uşaqlar bu qəssabxanaların qarşısında keçəndə “bu heyvanı niyə kəsirlər?”, “kəsilən heyvanı nə edirlər?” kimi sualları tez-tez soruşurlar.Hətta uşaqlar evdə yemək yeyəndə analarından onun hansı heyvanın əti olması barədə sual da soruşurlar. Bunun kimi qəribə sualların verilməsi davamlı olaraq baş verir. Hamı bilməlidir ki, uşaqların bu mənzərəni görməsi onlara pis təsir edir. Həmin uşaqlar təsir altında qaldığı üçün, kəsildiyini gördükləri heyvanın ətindən imtina edirlər.

Xüsusilə, 6-8 yaşlı uşaqların qoyun və mal ətini yeməkdən imtina etməsinin şahidi oluruq. Çünki uşaqlarda mərhəmət duyğusu çox yüksək olur və onların kəsilən heyvana yazığı gəlir.Həmçinin, azyaşlılar dərk etmədiyi üçün heyvanın kəsilməsini digər sahələrə də köçürməsi mümkündür. Yəni başqa heyvanların və ya insanın da kəsilə biləcəyini düşünə bilər. Onlar, heyvana şiddət tətbiq olunduğunu görərək, bunu itə, pişiyə də edə biləcəklərini fərz etməyə başlayırlar. Bu isə uşaqlarda zorakılıq hallarının yaranmasına səbəb olur”.

Psixoloq qeyd edib ki, xüsusən həssas uşaqların belə mənzərələr görməsi onların psixologiyasında ciddi fəsadlara yol aça bilər:
“Çünki həssas psixologiyalı uşaqların gözü önündə heyvanların kəsilməsi özünəqapanma və stress hallarının yaranmasına səbəb olur. Eyni zamanda, həmin uşaqlarda digər insanlara, hətta qəssablara qarşı kin, nifrət kimi duyğular aşılana bilir. Bununla yanaşı həm ailəsində zorakılığa məruz qalan, həm də heyvanların kəsilməsini görən uşaqlar gələcəkdə cəmiyyətə şiddət göstərməyə meyilli olur.

Ümumiyyətlə, sovet dönəmində heyvanların kəsilməsi insanların gözü qarşısında baş vermirdi. Lakin indi insanlar gözləri qarşısında kəsilməyən heyvanların halal olduğunu düşünmürlər. Onlar sadəcə, qarşılarında kəsildiyini gördüyü heyvanın ətinin təmiz olduğunu düşünür.

Nəzərə almaq lazımdır ki, heyvan kəsiləcəyini bildiyi zaman onun bədənində ifraz olunan hormonlar ətinə pis təsir göstərir. Yəni, heyvanın ətində bəzi zərərli maddələr əmələ gəlir. Bu isə insan orqanizmi üçün faydalı deyil”.

Elmir

Xəbər lenti