Həmkarlarının yaddaşında istedadlı və məhsuldar alim kimi qalan filologiya üzrə elmlər doktoru, professor Məhərrəm Hüseynovun tələbələrinin hafizəsində parlaq müəllim kimi yaşayacağına əminik. Ona məxsus olan və fiziki ömrünün sonuna kimi saxladığı məziyyətləri ilə Məhərrəm Hüseynov özündə “Bir alim ömrünü yaşatmaq üçün bir insan ömrünü girov qoymuş” yaradıcı insanın keyfiyyətlərini ehtiva edib.
Tehsil.biz xəbər verir ki, bu fikirləri ömrünün 20 ilindən çoxunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsi ilə bağlayan istedadlı alim və şair Məhərrəm Hüseynov barəsində onu yaxından tanıyan həmkarlarının, respublikanın tanınan elm adamlarının xatirələrindən, həmçinin seçilmiş şeirlərindən ibarət “Göyçə gölü üzərindəki xəfif duman” kitabının təqdimatında filologiya üzrə elmlər doktoru, professor, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova təqdimat mərasimini açarkən deyib. Alimin başlıca tədqiqat subyektinin dilçilik elminin üslubiyyat sahəsi ilə bağlı olduğunu xatırladan professor Mahirə Hüseynova onun dilin poetikasına aid araşdırmalarını xüsusi qeyd edib: “Sözün poetikası barədə istedadlı alimin tədqiqatları bu istiqamətdə Azərbaycan dilçiliyində yeni başlamış tendensiyanın möhkəmlənməsinə impuls verdi. Yaradıcı ömrünün 50 ilindən artıq müddətini dilçilik elmimizin bu sahəsinə həsr edən alim ədəbiyyat nümunələrinə yanaşmada orijinal baxışlarına görə fərqləndirilən, yeni təfəkkür hadisəsi sayılan əsərlərin müəllifi kimi həmişə yanımızda olacaq”.
Məhərrəm Hüseynovun poetik dünyasının ecazkar gücü barədə danışan filologiya üzrə fəlsəfə doktoru, dosent Allahverdi Hacıyev onun “Göyçə gölü” əsərindən gətirdiyi nümunələr əsasında həmin gücü şərtləndirən amillərdən danışıb.
Filologiya üzrə elmlər doktoru, professor Fikrət Xalıqov professor Məhərrəm Hüseynovu AMEA-nın Dilçilik İnstitutunda tanıdığı vaxtı xatırlayıb: “Onun elmi və metodiki təfəkkürün nəticəsi olan onlarla əsəri gələcək nəsillər üçün həmişə yararlı istinadlar kimi qalacaq”.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Adil Balıyev Məhərrəm Hüseynovun həmişə bu cür xatırlanacağını deyib: “O, bütün auditoriyalara, bütün sosial meydançalara əsl ziyalı kimi daxil olmağı bacarıb. Göyçənin sahillərində Xəzəri, Xəzərin sahillərində Göyçəni duya bilib”.
Alimin qardaşı İlqar Hüseynov kitabın hazırlanmasında əməyi olan hər kəsə və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyinə təşəkkür edib. O, bir il əvvəl Vətən müharibəsində qazanılan Zəfərin alimə Göyçə gölünü bir daha görmək ümidi verdiyini xatırladıb: “Təsəllim o oldu ki, Məhərrəm Azərbaycan əsgərinin Göyçəyə qədər getdiyini gördü”.