Logo

Diplomların tanınması niyə problemə çevrilib...

11.10.2021 12:38 352 baxış
IMG

"Mən xaricdə illərlə təhsil aldım, pul xərclədim, indi Təhsil Nazirliyi mənim diplomumu tanımır"... Yəqin ki, bu fikri söyləyən yüzlərlə "məzun" var. Məzunların əksəriyyəti də diplomların tanınmamasında Təhsil Nazirliyini günahkar çıxarır.

İndi gəlin məsələyə real yanaşaq. Düşünün... Sizi nə Təhsil Nazirliyi görür, nə də mən. Özünüə sual verin: Mən ali məktəbə hansı şərtlərlə, kimin vasitəsilə qəbul olundum? Sənəd verdiyim universiteti öncədən araşdırdımmı? Təhsil Nazirliyinin müvafiq saytında universitetin adına rast gəldimmi? Cavabınız nə oldu? Xeyr?

Təhsil Nazirliyi yanında İctmia Şuranın məsul katibi İlqar Orucov Bizimyol.info saytına açıqlamasında bildirib ki, xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması istiqamətində Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi adlı çox nümunəvi bir sistem formalaşıb. Agentlik heç bir problem yaratmadan sistem üzərindən müraciətləri qəbul edir.

İlqar Orucov İlqar Orucov

"Orada çox peşəkar mütəxəssislərdən ibarət komanda formalaşıb. Onların böyük əksəriyyəti xaricdə təhsil almış, yeni, müasir düşüncəli insanlardır" - deyən İlqar Orucov qeyd edib ki, diplomların tanınması ilə bağlı ciddi tələblər ortaya qoyulub. Ekspertin sözlərinə görə, Təhsil Nazirliyi yanında İctimia Şuraya da xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı xeyli sayda suallar ünvanlanır.

"Bizə çox sayda müraciətlər daxil olur. Biz onları araşdıranda görürük ki, agentlik qəbul etdiyi qərar doğru qərardır. Əsas qəbul edilən qərarın ədalətli olmasıdır. Agentlik ədalətli qərar qəbul edir. Ancaq onu da deyim ki, xeyli sayda tanınmayan diplomlar var",- deyə ekspert bildirir.

Bəzi xaricdə təhsil alanların diplomu niyə tanınmır?

Valideyn övladı üçün təhsil seçəndə bütün kriteriyaları nəzərə almalıdır. Bəzən valideynlər savadı, bacarığı olmayan uşaqlarına ali təhsil vermək istəyir. Bu bazarda da xeyli işbazlar var. Təəssüflə qeyd edək ki, televiziyalarda da onların reklamlarına böyük yer verilir. İnsanlar çaşdırılır. Və nəticədə Azərbaycanda heç bir siyahıda adı olmayan, heç bir statusu olmayan, heç bir normal təhsil verməyən ali məktəblərin diplomlarını gətirərək təsdiq etdirmək istəyirlər.

İ.Orucov deyir ki, agentlik doğru yanaşma sərgiləyir. Çünki savadsız şəxsin diplomu təsdiqlənsə, o, gəlib Azərbaycanda hansısa vasitə ilə, yumşaq formada desək, tapşırıqla gəlib bir işdə otursa, həmin sahəni acınacaqlı vəziyyətə salacaq.

Ekspert valideynlərə diqqətli olmağı, övladlarının gələcəyi ilə oynamamalarını tövsiyyə edir. O, qeyd edir ki, Azərbaycanda bütün strukturlarda işə qəbulla bağlı çox ciddi səddlər var və xüsusi imtahanlar vasitəsilə işə qəbul olunurlar. Diplomlu, ancaq savadsız kadrlar heç kimə lazım deyil.

"Buna görə də valideynlər pulunu tökməməli, övladının seçiminə müdaxilə etməməlidir. Əslində, valideynlər övladlarının savadı yoxdursa, Dövlət İmtahan Mərkəzinin imtahanında 50 bal yığırsa, övladını Ukraynada hansısa universitetə qoyur. Ukraynanın normal universiteti o uşağa diplom verərmi? Əlbəttə verməz. Onun aldığı diplom saxtadır, bunu valideyn də bilir. Köklü ali təhsil müəssisə olmayan universitetlər belə "maraqlara" köklənmiş universitetlərdir. Belə universitetlərin verdiyi diplomların heç bir əsası yoxdur. Onlar Azərbaycanda tanınmayacaq",- deyə İlqar Orucov bildirir. Onun sözlərinə görə, burada işbazlar da, o seçimi edən insanlar da günahkardır. Çünki seçimi sən edirsən. Düzgün seçim etməlisən. Əgər diplom xatirinə hansısa universiteti seçirsinizsə, bir qədər düşünün. İllərinizi, vəsaitinizi qoyduğunuz universitetlərin diplomları Azərbaycanda tanınmaya bilər.

Universitet seçərkən diqqətli olun, araşdırın, sizə atestatla ali təhsil ocağına qəbulun mümkünlüyünü vəd edən Ukrayna, Türkiyə, Gürcüstan və s. ölkələrdə olan universitetlərin adlarını Təhsil Nazirliyinin siyahısında axtarın. Adı nazirliyin müvafiq siyahısında olmayan universitetlərə sənəd verməyin. Unutmayın ki, edəcəyiniz yanlış seçim, maddi vəsait və gələcəyinizdən bir neçə ili itirmək deməkdir.

Qeyd edək ki, narazılıqlardan biri də odur ki, Nazirlik məzunları fərdi qaydada imtahan edir və bəzən eyni universitetin diplomu bir şəxs üçün tanınır, digəri üçün yox. Həmçinin bildiyimiz kimi, tanınmayan diplomlarla hazırda dövlət vəzifələri tutan məmurlar var ki, bu da insanlarda "ikili standart" barədə fikir formalaşdırır.

İlahin

Xəbər lenti