Logo

Uzun müddət sonra ənənəvi tədris bərpa olunur, gözləntilərimiz nədir? - Ekspert şərh edir

19.09.2021 23:08 1005 baxış
IMG

"Pandemiya dövrü texnoloji inkişafın təhsil sisteminə inteqrasiyası təhsil texnologiyası - “EdTech” (educational technology) termininin formalaşmasına səbəb olub. Çoxları yeni təhsil texnologiyaları dedikdə yalnız məsafədən onlayn dərslərin nəzərdə tutulduğunu düşünür. Lakin bu anlayış daha çox yüksək texnoloji həllərin, yeni yanaşmaların və metodların tətbiq olunduğu bir təhsil sistemini izah edir".

Bu fikirləri "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

Ekspert deyir ki, bir məsələ ilə bağlı narahatlıq var:

"Deməli, 29 sentyabrda-1 il 6 aydan sonra universitetlər, kolleclər ənənəvi qaydada tədrisi bərpa edir. Amma ciddi məhdudiyyətlər ilə. Yəni 65 yaşdan yuxarı müəllimlər dərsdə olmayacaq, auditoriyalarda tələbə sayı 60-70-i keçməyəcək və s. Çıxış yolu odur ki, mühazirə dərsləri onlayn - distant, seminar dərsləri auditoriyalarda təşkil edilə bilər, əsas ixtisas fənləri auditoriyalarda, qeyri-ixtisas fənləri onlayn-distant keçirilə bilər və s."

K.Əsədov onlayn-distant dərslərin hansı platforma ilə təşkil ediləcəyi məsələsinə də toxunub:

"Niyə bir il altı ayda öz platformamızı yarada bilmədik? Cənubi Qafqazda ən çox İKT üzrə kadr hazırlığı, qəbul bizim universitetlərdə olur, bu qədər Kompüter mühəndisliyi, Kompüter elmləri, İnformasiya texnologiyaları, İnformasiya təhlükəsizliyi ixtisasları üzrə qəbul həyata keçirən, məzun buraxan, elmi dərəcə alan müəssisələr niyə bir onlayn-distant tədris üçün proqram hazırlamayıb?"

Təhsil eksperti hətta bizdən zəif inkişaf etmiş ölkələrin öz platformalarının olduğunu vurğulayıb:

"Bizdən zəif inkişaf etmiş ölkələrin, xüsusən, Keniya və Nigeriya kimi ölkələrin platformaları var. Dünya ölkələrinin təhsil müəssisələri pandemiya dövründə çox uğur və gəlir əldə etdi".

"Misal üçün, Britaniyanın məşhur “PearsonEducation” şirkəti pandemiya dövründə onlayn platformaları üzrə aktivliyin 600% artdığını rəsmi olaraq açıqlayıb. Bu səbəblə şirkət əlavə olaraq 24 min müəllimi onlayn dərslərə cəlb edib. 4-12 yaş uşaqlara riyaziyyat dərsləri keçən “TheMathsFactor”platforması təkcə pandemiyanın ilk günündə 41 min yeni istifadəçini qeydə alıb. ABŞ-ın onlayn məktəbi “ConnectionsAcademy”isə 5 min əlavə yer açaraq 90 min müraciət qəbul edib", -deyə Kamran Əsədov qeyd edib.

Fəqan Əzimli

Xəbər lenti