Logo

Respublika Təhsil Şurası beynəlxalq elmi konfrans keçirib

07.08.2021 08:57 630 baxış
IMG

Respublika Təhsil Şurası “Təhsil sisteminin idarə olunmasında Universal-onlayn xidmətindən istifadənin elmi-nəzəri əsasları” mövzusunda onlayn rejimdə beynəlxalq elmi konfrans keçirib.

Tehsil.biz xəbər verir ki, konfrans Ukrayna Milli Pedaqoji Elmlər Akademiyası, Akademiyanın Təhsil menecmenti universiteti ilə birgə təşkil olunub. Konfransda Azərbaycan Respublikası Təhsil Şurasının sədri Samir Mehdizadə, Ukrayna Milli Pedaqoji Elmlər Akademiyası Təhsil Menecmenti Universitetinin idarəetmənin psixologiyası kafedrasının müdiri, “Universal-onlayn” layihəsinin rəhbəri, dosent Valeri Kiricuk, Çerkassı Milli Universitetinin fundamental tibb kafedrasının müdiri, tibb elmləri doktoru, professor Sergey Rudenko, praktik psixoloq Lyudmila Yevgeniyevna Kiriçuk, Azərbaycan Təhsil Şurasının katibi Böyükağa Mikayıllı, Azərbaycandan və Ukraynadan elmi ictimaiyyətin nümayəndələri, müəllimlər, psixoloqlar iştirak edirdilər.  

Əməkdaşlığın təməli 2017-ci ildə qoyulub. 

 Konfransı giriş sözü ilə Respublika Təhsil Şurasının katibi Böyükağa Mikayıllı açdı. O, bildirdi ki, Respublika Təhsil Şurası 4 ildir ki, Ukrayna Milli Pedaqoji Elmlər Akademiyası ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Respublika Təhsil Şurasının rəhbərliyi və üzvləri 2017 və 2019-cu illərdə Kiyevdə Akademiyanın təşkilatçılığı ilə keçirilən “Universal-onlayn xidmətinin şagird şəxsiyyətinin formalaşdırılmasına təsir imkanları” mövzusunda seminarda iştirak ediblər. B.Mikayıllı söylədi ki, 2017-ci ildən Universal-onlayn platformasının əhəmiyyətini, onun Ukrayna və dünyanın bir sıra ölkələrində tətbiqi və onun nəticələrini araşdırır. Bu mövzuda Azərbaycanın elmi-pedaqoji mətbuatında Azərbaycan və rus dillərində məqalələrlə çıxış edib, tədqiqat materialı “Dünyanın təhsil mənzərəsi” adlı kitabda yer alıb. 
Hər iki ölkənin təhsili üçün əhəmiyyətli layihə.

Respublika Təhsil Şurasının sədri Samir Mehdizadə təşkilatın beynəlxalq əlaqələrinin tarixinə nəzər yetirdi. Ukrayna Milli Pedaqoji Elmlər Akademiyası ilə Azərbaycan Təhsil Şurasının əməkdaşlığının hər iki ölkənin təhsil ictimaiyyəti üçün əhəmiyyətli olduğunu dilə gətirdi. Qeyd etdi ki, bu əməkdaşlığın daha geniş dairəni əhatə etməsi üçün lazımı addımlar atılır. Hesab edirik ki, bugünkü onlayn konfrans gələcəkdə daha geniş birgə tədbirlərimiz üçün təməl olacaq, əməkdaşlıq, ideya və təkliflər yeni üfüqlərə yol açacaq. Samir Mehdizadə qeyd etdi ki, Respublika Təhsil Şurasının dünyanın bir sıra ölkələrinin elm və təhsil dairələri, nüfuzlu universitetləri ilə sıx əlaqələri var və bu əlaqələrdən istifadə edərək təşkilatın üzvləri üçün mütəmadi olaraq konfranslar, seminarlar, təlimlər keçiriləcək. 

Klassik pedaqoji irsdən bəhrələnən müasir layihə

Dosent Valeri Kiriçuk “Universal-onlayn” layihəsinin elmi-nəzəri və metodoloji əsaslarından, layihənin aktuallığından, şagird şəxsiyyətinin inkişafına onun təsir imkanlarından, sistemdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əhəmiyyətindən, layihə çərçivəsində aparılan eksperimentlərdən bəhs edib. Vurğulayıb ki, bu layihə 30 ilə yaxındır ki, Ukrayna məktəblərində tətbiq olunur. Layihənin üstün cəhətlərindən biri də ondan ibarətdir ki, inkişaf etmiş ölkələrin təhsil sistemlərində onun müəyyən elementlərindən istifadə olunur. Valeri Kiriçuk qeyd edib ki, “Universal-onlayn” sistemi şagirdin fiziki, psixi, sosial və mənəvi inkişafını hədəfləyir və məktəblini təhsil aldığı illər ərzində bu baxımdan izləyir. Valeri Kiriçukun sözlərinə görə, layihənin əsasında Ukraynanın özünün, eləcə də dünyanın görkəmli psixoloq və pedaqoqlarının – H.Hartmanın, M.Qruşevskinin, C.Dyuinin, Y.Komenskinin, M.Montessorinin, K.Uşinskinin, L.Tolstoyun, M.Piroqovun, V.Suxomlinskinin, A.Makarenkonun, J.Russonun və digərlərinin pedaqoji-psixoloji konsepsiyaları dayanır. Bu da deməyə əsas verir ki, “Universal-onlayn” zəngin elmi-pedaqoji baza üzərində inkişaf edərək, müasir səviyyəsinə qovuşub. Valeri Kiriçuk layihədə tətbiq olunan metodlardan, kriteriyalardan bəhs etdi, onların tətbiqi sayəsində əldə olunan nəticələri konkret olaraq diqqətə çatdırıb.

Şagirdin sağlamlığı cəmiyyət üçün ən mühüm dəyərdir. 

Tibb elmləri doktoru, professor  Sergey Rudenko “Universal-onlayn”ın tibbi aspektlərindən bəhs edib. Qeyd edib ki, şagirdin sağlamlığı cəmiyyət üçün ən mühüm dəyərdir. Biz öncə sağlamlığa nail olmalıyıq ki, şagirddən təlim uğurları, nəhayət, gələcəkdə cəmiyyətə verə biləcəyi faydanı gözləyək. Odur ki, dövlətlər təhsil sistemlərini elə qurmalıdırlar ki, məktəbi bitirən gənc intellektual potensiala malik olmaqla yanaşı, fiziki cəhətdən də sağlam olsun, fiziki sağlamlıqla intellektual səviyyə bir-birini tamamlasın. 

Psixoloq Lyudmila Yevgeniyevna Kiriçuk “Universal-onlayn”ın orta məktəblərdə tətbiqi yollarından və imkanlarından, layihənin məktəbdə psixoloji mühitin normallaşdırılmasında, şagirdlərin mənəvi inkişafında oynadığı roldan bəhs edib.

Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Qeyd olunub ki, Respublika Təhsil Şurası ilə Ukrayna Milli Pedaqoji Elmlər Akademiyasının əməkdaşlığı yeni mərhələyə qədəm qoyur, yeni ideyalarla davam edir. 

Xəbər lenti