Logo

İqtisadi rayonlaşma Vətən müharibəsində əldə edilmiş parlaq Qələbənin daha bir uğurlu nəticəsidir

15.07.2021 14:15 320 baxış
IMG

 

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı ölkə iqtisadiyyatının vahid proqram əsasında inkişafına hesablanmış çox mühüm sənəddir. İqtisadi rayonlaşma Vətən müharibəsində əldə edilmiş parlaq Qələbənin daha bir uğurlu nəticəsidir.

 

Tehsil.biz məlumat verir ki, bu fikri iqtisad elmləri doktoru, professor İrşad Kərimli bildirib. O qeyd edib ki, Azərbaycanda milli dövlətçilik və milli iqtisadiyyat özünün siyasi formasını keçən əsrin 90-cı illərinin əvvəllərində 2-ci dəfə bərpa edib. Milli dövlətçilik çox mürəkkəb, qarışıq və ziddiyyətli proseslərdən keçərək qorunub saxlanılıb. Lakin müstəqilliyin ilk günlərindən erməni təcavüzkarları tərəfindən Azərbaycanın Qarabağ ərazisi işğal edilib. Nəticədə Azərbaycan ərazisinin 20 faizi - füsunkar torpaq-iqlim şəraitinə, zəngin təbii sərvətlərə və iqtisadi potensiala malik böyük bir coğrafi region ölkəmizin əsas ərazisindən təcrid edilərək 30 il işğal altında saxlanılıb.

 

Fərəhlə deyə bilərik ki, müzəffər Azərbaycan Ordusu 2020-ci ilin sentyabrında əks-hücum əməliyyatına başlayaraq 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağı işğaldan azad edərək respublikanın ərazi bütövlüyünü təmin edib, milli iqtisadiyyat üçün həlledici olan, onun əsasını yaradan ərazi birliyini bərpa edib.

 

Azərbaycan iqtisadiyyatının reallığının ən vacib hissəsini və başlıca məzmununu təşkil edən milli iqtisadiyyat yalnız elmi söz dövriyyəsində deyil, daha çox real-təcrübi fəaliyyət kimi, işlək bir iqtisadi mexanizm kimi özünü göstərməkdədir. Çünki vahid təbii ehtiyatlara, iqtisadi potensiala, torpaq-iqlimə və daha vacibi isə coğrafi mövqeyə uyğun təkrar istehsal zənciri və nəqliyyat-kommunikasiya vasitələri ölkənin sərhədləri daxilində biri-biri ilə üzvü əlaqələnəcək. Bu nailiyyət ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının daha çox isə iqtisadi və ərazi birliyinin nəticəsi olacaq. İqtisadi birlik müstəqil istehsal-təsərrüfat əlaqələrini həyata keçirə bilən, öz gəlirləri ilə xərclərini ödəyib mənfəətlə işləyə bilən ölkənin ayrı-ayrı iqtisadi rayonları (zonalar, bölgələr, məhəllələr və s.) arasında qarşılıqlı əlaqələrin birliyidir. İqtisadi və ərazi birliyinin nəinki mövcud, hətta gələcək dövrdə dayanıqlı və davamlılığı üçün ölkə ərazisinin iqtisadi rayonlaşdırılmasına müasir müstəvidə baxılması və təsdiq edilməsi olduqca vacibdir. Qarşılıqlı əlaqə və şərtlənmə halında olan hər bir iqtisadi rayon müəyyən iqtisadi-ərazi vahidi kimi Azərbaycanın milli iqtisadiyyatının ayrılmaz tərkib hissələridir.

 

Azərbaycanın milli iqtisadiyyatının bütövlüyü, tamlığı onun daxilindəki ərazi əmək bölgüsünə əsaslanan iqtisadi rayonları əhatə edir. Bu mənada bütöv Azərbaycan ərazisinin dövlət sərhədləri daxilində formalaşmaqda olan iqtisadi rayonları ərazi əmək bölgüsünün prinsiplərinə uyğunlaşdırılaraq həyata keçiriləcək. “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən yeni formalaşacaq Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ölkəmizdə iqtisadiyyatın inkişafına böyük töhfə verəcək. Eyni zamanda, 14 iqtisadi rayonu əhatə edən yeni iqtisadi rayonlaşma çərçivəsində tədricən hər bir iqtisadi rayonun strukturuna daxil olan inzibati rayonlar dəqiqləşdirilsə, bu da öz növbəsində sonuncuların tərkibində kəmiyyət və keyfiyyət dəyişikliklərinə səbəb ola bilər.

Xəbər lenti