Logo

Azərbaycan təhsilində yeni mərhələ

20.06.2021 09:43 502 baxış
IMG

Prezident İlham Əliyev Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən Fond təhsil-tələbə kreditlərinin verilməsini təşkil edən qeyri-kommersiya xarakterli hüquqi şəxidir. Təhsil-tələbə kreditinin məbləğinin yuxarı həddi hər tədris ili üçün təsdiq edilən tələbə qəbulunda nəzərdə tutulmuş ayrı-ayrı ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalana düşən illik təhsil haqlarının məbləğindən çox olmamalıdır.

 

Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün ictimai əsaslarla fəaliyyət göstərən 7 (yeddi) üzvdən ibarət Himayəçilik Şurası yaradılır. Fondun fəaliyyətinə cari rəhbərliyi 3 (üç) üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirir. Fondun fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

 

Prezident Təhsil-Tələbə Krediti Fondunun Nizamnaməsini də təsdiqləyib.

 

 

Bu gün təhsil naziri Emin Əmrullayev məsələ ilə bağlı brifinq keçirib. O bildirib ki, Təhsil Tələbə Krediti Fondundan həm dövlət, həm də özəl təhsil müəssisələrində təhsil alan tələbələr istifadə edə bilər. Fondun Nizamnamə kapitalı 80 milyon manatdır. Əsas məsələ ali təhsil müəssisəsinin lisenziyasının olmasıdır.

 

Əmrullayev Təhsil Tələbə Krediti Fondunun Azərbaycandakı universitetlər üçün nəzərdə tutulduğunu, xaricdə təhsil alanlar üçün tətbiq edilməyəcəyini söyləyib. O qeyd edib ki, tələbə təhsil haqqı ödəyə bilməyəndə bu, universitet üçün də problem olur:

 

“Təhsil krediti universitet üçün 70-80 faiz maliyyə dayanıqlılığı deməkdir. Bu kredit istehlak kreditlərindən fərqlidir. İstehlak kreditlərində faiz ikirəqəmli olur, amma burada faiz dərəcəsi sıfıra yaxın, yəni çox az olacaq. Amma bu, vətəndaşı məsuliyyətdən azad etmir. Bu kredit aləti ilə vətəndaş həyatının növbəti mərhələlərində məsuliyyətli olmalıdır. Tələbə krediti qarşılıqlı inam və tələbə dövründən sosial məsuliyyəti dərk etməyə kömək edəcək. Burada 20 illik müddətdən söhbət gedir”.

 

Nazirin sözlərinə görə, kreditlər tələbələrin özlərinə deyil, onların təhsil aldıqları təhsil müəssisələrinə ödəniləcək:

 

“Bu da yenə müzakirə mövzusudur, öz hesabına oxuyan tələbələr təhsil haqqının müəyyən qismini özü ödəyirsə, müəyyən qismini də kreditlə ödəyə bilər. Həmin kreditlər tədris ili üzrə veriləcək. Tələbənin təhsil aldığı 4 ildə ailənin sosial vəziyyəti də dəyişə bilər. Ona görə, kreditlər hər tədris ili üzrə veriləcək. Fondun Nizamnamə kapitalı 80 milyon manatdır, amma əlavə də ola bilər. Tələbənin təhsil haqqı tam və ya qismən ödənilə bilər. Azərbaycanda təhsil haqqı 900 manatdan 7000 manata qədərdir. Ola bilsin, peşə məktəblərində daha da az olsun”.

 

E.Əmrullayev tələbələrin kreditləri 20 il ərzində hissə-hissə qaytaracağını vurğulayıb:

 

“Təhsil Tələbə Krediti Fondu növbəti tədris ilindən daha çox tələbənin maliyyələşməsini həyata keçirəcək. Fərmandan irəli gələn məsələlər müəyyən qaydalarla tənzimlənəcək, bu qaydalar növbəti bir ay ərzində hazırlanıb, Nazirlər Kabinetinə veriləcək və təsdiqlənəcək. Bu kreditlər çox aşağı, təxminən iki faiz olacaq. Kreditlər sosial həssas qrupdan olanlar üçündür. Sosial həssas qrupdan olmayanlar üçün isə qaydalar açıqlanacaq. Ehtiyacla yanaşı, giriş ballarına da baxılacaq, yüksək nəticə bizim üçün əsas şərtlərdən olacaq. Müvəffəqiyyət göstəricisi olan və kredit alan tələbə ilə bağlı müvafiq güzəştlər nəzərə alınacaq. Amma vətəndaş məsuliyyəti və dayanıqlılıq baxımından, ödənilmiş maliyyə geri qaytarıldıqca, digər tələbələrin oxuma şansı da olacaq. Gələcəkdə Fondun maliyyəsi daha da artırıla bilər. Uzunmüddətli kredit olacaq, tələbə təhsili bitirəndən təxminən 20 il ərzində kreditini hissə-hissə ödəyəcək. Bu və ya digər səbəbdən ödəyə bilmədiyi, hərbidə olduğu, işləmədiyi və digər hallarda az müddətli möhlət hüququ da veriləcək”.

 

 

Milli Məclisin Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov “Press Klub”a açıqlamasında bu sənədin qəbul edilməsinin ölkəmizdə təhsilə ciddi töhfə verəcəyini düşünür:

 

“Bir sıra vətəndaşlarımız təhsil haqqını ödəməkdə çətinlik çəkirdilər. Bu cür Fondun yaradılması ilə həmin tələbələr öz ehtiyaclarını təmin edə biləcəklər. Yəni əvvəlki dövrdə tələbələr borc və ya bank vasitəsilə bu və digər yollarla həmin pulları götürürdülər, indi isə tələbələr yeni yaradılan Fonddan yararlanmaq şansı əldə edəcəklər. Əgər tələbə təhsil haqqını ödəyə bilmirsə, müəyyən qaydalar əsasında lazımı qurumlara müraciət edərək kredit əldə edə biləcək. Tələbə təhsil müddətini başa vurduqdan sonra həmin kreditləri geri qaytaracaq. Bu da əsasən imkansız və sosial həssas qrupa aid olan ailələrin övladlarının təhsil haqlarının ödənilməsinə ciddi yardım deməkdir. Bu gün elə ailələr var, onlar övladlarının təhsil haqlarını tam ödəyə bilmirlər. Bu baxımdan prezident fərmanı xüsusi önəm daşıyır. Yalnız təhsil haqqı yox, tələbələrin yataqxana, yemək və digər xərcləri də nəzərə alınacaq. Bu baxımdan bu, tələbələr üçün yaradılmış yeni bir imkandır.”

 

Millət vəkili onu da əlavə etdi ki, tələbələr gələcəkdə də bu imkanlardan yararlana biləcəklər:

 

“Fond qeyri-kommersiya hüquqi şəxsdir. Təhsil Nazirliyinin yanında fəaliyyət göstərəcək. Burada Maliyyə Nazirliyi və digər qurumların nümayəndələri də iştirak edəcək. Prosesin şəffaf həyata keçirilməsi üçün gərəkən bütün addımlar atılacaq”.

 

Məmmədov hesab edir ki, Fondun fəaliyyətinin davam etdirilməsi və tələbələrə dəstəyin verilməsi üçün ölkə vətəndaşlarının da səy göstərməsinə ehtiyac var:

 

“Bu, elə məsələdir ki, bütün vətəndaşlarımız bu sahədə əllərindən gələni etməyə çalışmalıdır. Bu prosesdə bütün vətəndaşlarımızın – iş adamlarının, ayrı-ayrı qurumlarla əlaqəsi olan insanların iştirakı və öz dəstəyini əsirgəməməsi xüsusi önəm daşıyır”.

 

Təhsil eksperti Qoşqar Məhərrəmov “Press Klub”a şərhində qeyd etdi ki, tələbələrə veriləcək kreditlər onların universitet dövründə işləməsinin qarşısını alacaq:

 

 

“Fond sayəsində onlar univeristetlərini yarımçıq qoymayacaqlar. Ödənişli şərtlərlə belə olsa, təhsillərini davam etdirmək istəyində olan tələbələrin şansını artırmış olacaq. Düşünürəm ki, bu, tələbələrin xeyirinə olan bir addımdır. Kredit faizlərinin aşağı olması və əhatə dairəsinin geniş olması da təqdirəlayiqdir. Əgər faiz dərəcələri çox olardısa, tələbələrin həmin kreditlərdən yararlanmaq imkanı çox aşağı olacaqdı”.

 

Ülviyyə Şahin

Xəbər lenti