Logo

MEK Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş sərgi təqdim edir

10.05.2024 15:42 131 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə virtual və ənənəvi kitab sərgisini təqdim edir.

MEK-dən "Tehsil.biz"ə bildirilib ki, virtual sərgidə Ulu Öndər Heydər Əliyevin milli dövlət quruculuğu siyasətini, ölkədə baş verən siyasi-iqtisadi və ictimai proseslərə dair müasir baxışları və analitik təhlilləri, Heydər Əliyev haqqında tanınmış söz adamlarının bədii-publisistik məqalələrini, esse və xatirələrini əks etdirən dəyərli nəşrlər yer alıb. Nəşrlər sırasında Prezident İlham Əliyevin düşünülmüş siyasətini, xalqa və dövlətə şərəfli xidmət missiyasını əhatə edən kitablar da sərgilənir. Eyni zamanda, sərgidə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkə həyatında genişmiqyaslı fəaliyyətindən bəhs edən materiallar mövcuddur.

Sərgidə “Azərbaycan ədəbiyyatında Vətən və dövlətçilik məfkurəsinin intibahı. Heydər Əliyevdən - İlham Əliyevə”, “Görkəmli dövlət xadimi Heydər Əliyev”, “Müdriklik mücəssəməsi. Məruzələr, çıxışlar, görüşlər, müsahibələr”, “Heydər Əliyev və milli mətbuat”, “Heydər Əliyev siyasəti: milli dövlət, milli lider, vətəndaşlıq, mənəviyyat”, “30 il quruculuq yollarında”, “İlham Əliyev. İnkişaf-məqsədimizdir”, “Mehriban Əliyeva. Həyatın 100 anı”, “Əbədi ömrün yüz ili...”, “Ömürdən səhifələr”, “Qayıdış: 1990-2003”, “Hakimiyyət yükü altında: 1923-1982”, “Heydər Əliyev və klassik irs” və digər kitablar yer alıb.

Qeyd edək ki, MEK-in Sərgi salonunda da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə ənənəvi sərgi keçirilir. Sərgi iki həftə müddətində davam edəcək.

Xəbər lenti