Logo

Ekspert DİM sədrinin fikirlərini təsdiq etdi: "Bəli, vakansiya yerləri var"

01.07.2022 11:00 552 baxış
IMG

"Azərbaycanda ali təhsil müəssisələri müasir dövrün tələblərindən ciddi şəkildə geri qalır".

Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert qeyd edib ki, ölkənin 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır:

"Etiraf edək ki, bu gün Azərbaycan ali təhsil müəssisələri əmək bazarının tələblərinə və müasir standartlara cavab verən kadrlar hazırlaya bilmir. Bunun da bir neçə səbəbi var. Bizim ali təhsil müəssisələrimiz ciddi şəkildə müasir dövrün tələblərindən geri qalır. O cümlədən, idarəetmədə, tədris resurslarında İP texniki bazada müasir dövrlə ayaqlaşmaqda o qədər də maraqlı deyillər. Son üç günün müşahidələrini qeyd edə bilərəm ki, bu gün ali təhsil müəssisələri məzun günlərini böyük təmtəraqlı yerlərdə keçirməyə maraqlıdır və böyük pullar xərcləyirlər. Amma həmin pulu universitetin maddi-texniki bazasının yüksəldilməsinə, imkansız tələbələrin təhsilhaqlarının ödənilməsinə ayıra bilərdilər. Rəqəmlərlə qeyd etsək, deyə bilərəm ki, bir ali təhsil müəssisəsinin bakalavr pilləsinə 7 min tələbə qəbul olunur. 4 ildən sonra həmin tələbələrin yalnız 42 faizi ixtisası üzrə işə qəbul oluna bilir. Yəni ali təhsil müəssisələrinin keyfiyyət göstəricisi 50 faizin altındadır və bu, məsələnin birinci ciddi problemidir. Yəni universitetlərin hazırladıqları ixtisaslı kadrlar əmək bazarının tələblərindən uzaqdır".

Kamran Əsədovun sözlərinə görə, bu gün əmək bazarında işəgötürənin fikri, təklifi nəzərə alınmır və işəgötürən ali təhsil müəssisələrinə təklif verməlidir ki ”mənə bu və ya digər bacarıqlara malik informasiyanı bilən, məlumatı olan kadrlar hazırlansın", lakin işəgötürənlərin belə bir təklifi olmur:

"Ümumiyyətlə ali təhsil müəssisələri həyata keçirilən işə qəbul prosesinə kadrlar hazırlamır. Bu gün ali təhsil müəssisələri yalnız karton parçası olan diplom verməkdən başqa işə yaramır. Baxın, hər il ali təhsil müəssisələrinin pedaqoji ixtisasını 15 mindən çox tələbə bitirir. Orta ümumtəhsil məktəblərində müəllimlərin işə qəbul imtahanında ali təhsilli pedaqoji mütəxəssislər işə qəbul olunmaqdan, uğur qazanmaqdan ötrü müəllim yanına hazırlığa gedirlər. Təsəvvür edin, bu insanlar 4 il ali təhsil müəssisələrində təhsil alıblar, onlara diplom verilib, amma onlar işə qəbul olunmaq üçün repetitor yanına hazırlığa gedirlər. Deməli, 4 il ərzində onların əldə etdikləri bilik, informasiya hansısa əhəmiyyətə malik olmayıb. Yəni onların 4 ili boşuna keçib, yaxud dövlət qulluğuna imtahan keçiriləndə tələbələrin 4 il ərzində əldə etdikləri biliklər onlara lazım olmur. Beləliklə, bu gün universitetlər tələbələrə heç nə vermir. Məleykə Abbaszadənin də qeyd etdiyi kimi, bəli, vakansiya yerləri var, Dövlət İmtahan Mərkəzi obyektiv, şəffaf imtahanlar keçirir, amma heç də biz bunu müsahibə mərhələsi üçün deyə bilmərik. DİM-in obyektiv keçirdiyi test imtahanlarında insanlar bal toplayır, keçid mərhələsini keçirlər, müsahibə mərhələsində isə bu mümkün olmur. Dövlət qurumlarının ancaq öz adamları müsahibə mərhələsindən uğurla keçirlər. Tanıdığım insanlar var ki, yüksək balla testi və müsahibəni də keçiblər, Təhsil Nazirliyinə sənədlərini də veriblər, amma onları heç kim işə qəbul etməyib, əvəzində dövlət qulluğuna girə bilməyənləri vəzifəyə götürüblər. Təhsil Nazirliyində yüzlərlə belə faktlar var".

Xəbər lenti