Təhsil eksperti Kamran Əsədov vurğulayır ki, ali təhsilin elmi tədqiqatlar və innovasiyalarla sıx inteqrasiyası XXI əsrin əsas inkişaf istiqamətlərindən biridir. Onun fikrincə, müasir universitet artıq yalnız bilik ötürən deyil, həm də yeni bilik yaradan, elmi nəticələri iqtisadiyyata tətbiq edən bir mərkəz olmalıdır. “Ali məktəblərin əsas missiyası artıq sadəcə dərs demək deyil, həm də yeni ideyalar, texnologiyalar və sosial innovasiyalar istehsal etməkdir. Bu, ölkənin intellektual potensialını qorumaq və ‘beyin axını’nın qarşısını almaq üçün əsas mexanizmdir,” – deyə Kamran Əsədov bildirir.
Təhsil eksperti qeyd edir ki, “Azərbaycan Respublikasında ali təhsil sisteminin inkişafı üzrə 2030-cu ilədək Dövlət Strategiyası”na əsasən, universitetlərdə elmi tədqiqatların və innovasiyaların genişləndirilməsi, tədris və tədqiqat proseslərinin inteqrasiyası əsas prioritetlərdən biridir. Strategiyanın 4.3-cü bəndində qeyd olunur ki, ali təhsil müəssisələrinin elmi potensialının artırılması və onların innovativ iqtisadiyyata inteqrasiyası dövlət siyasətinin başlıca məqsədlərindəndir. Kamran Əsədov qanunvericiliyə uyğun olaraq qeyd edir ki, “Təhsil haqqında” Qanunun 30-cu maddəsində ali təhsil müəssisələrinin əsas vəzifələrindən biri kimi elmi tədqiqat fəaliyyətinin təşkil edilməsi və nəticələrin tətbiqi göstərilir. “Bu, o deməkdir ki, universitetlər dövlət tərəfindən sadəcə tədris mərkəzi kimi deyil, həm də innovasiya istehsalçısı kimi nəzərdə tutulur,” – deyə o bildirir.
Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, ali təhsilin elmlə inteqrasiyası ölkələrin iqtisadi inkişafında həlledici rol oynayır. Məsələn, Almaniyada universitetlərin 67%-i sənaye və biznes sektoru ilə birbaşa əməkdaşlıq edir, bu isə onların illik elmi tədqiqat büdcəsinin təxminən 45%-nin özəl sektor tərəfindən maliyyələşdirilməsinə səbəb olur. ABŞ-da isə “Bayh-Dole Act” (1980) qanunu universitetlərə öz tədqiqatlarının nəticələrini kommersiyalaşdırmaq imkanı verərək “Stanford”, “MIT” və “Harvard” kimi ali məktəbləri innovasiyanın qlobal liderlərinə çevirib. Bu model nəticəsində təkcə “MIT” universitetinin məzunları tərəfindən yaradılmış startapların illik dövriyyəsi 2 trilyon dollara yaxındır.
Kamran Əsədov sitat gətirir ki, “Azərbaycanda ali təhsil sistemi də bu istiqamətdə dönüş nöqtəsinə daxil olmalıdır. Universitetlərimiz elmi nəticələri real iqtisadi layihələrə çevirə bilən mərkəzlərə çevrilməlidir.” Onun fikrincə, bu məqsədlə universitetlərdə innovasiya laboratoriyaları, texnoparklar və startap inkubatorları genişləndirilməlidir. Hazırda Azərbaycanda fəaliyyət göstərən 9 texnopark və 7 innovasiya mərkəzi olsa da, onların yalnız bir hissəsi ali təhsil müəssisələri ilə effektiv əməkdaşlıq edir. “Əgər bu əlaqə sistemli şəkildə qurularsa, həm tələbələrin praktik bacarıqları artacaq, həm də ölkədən ‘beyin axını’ azalacaq,” – deyə ekspert vurğulayır.
Statistik məlumatlara görə, Azərbaycan üzrə ali təhsil alan gənclərin təxminən 19%-i təhsilini xaricdə davam etdirmək istəyir. Dünya Bankının 2023-cü il hesabatına əsasən, “beyin axını”nın əsas səbəbi yüksək təhsilli gənclərin ölkə daxilində elmi və innovativ fəaliyyət üçün şəraitin məhdud olmasını göstərməsidir. Kamran Əsədov bildirir ki, “əgər biz gənclərə burada elmi fəaliyyət üçün şərait yarada bilsək, onlar başqa ölkələrə getməkdənsə, elmi nəticələrini məhz Azərbaycanda tətbiq edəcəklər.”
O əlavə edir ki, bu istiqamətdə Koreya, Finlandiya və İsrail kimi ölkələrin təcrübəsi xüsusi əhəmiyyət daşıyır. Məsələn, Cənubi Koreyada “Brain Korea 21” proqramı çərçivəsində hökumət universitetlərdə elmi tədqiqatların maliyyələşməsini 20 il ərzində 4 dəfə artırıb və nəticədə ölkə tədqiqat intensivliyinə görə dünyanın ilk 5-liyinə daxil olub. Finlandiyada isə “University Reform Act” (2010) universitetlərə elmi tədqiqatlarda daha çox müstəqillik verərək onların beynəlxalq reytinqlərdə sürətlə yüksəlməsinə səbəb olub.
Kamran Əsədov qeyd edir ki, Azərbaycan universitetlərinin də qlobal təhsil şəbəkələrinə qoşulması, ortaq tədqiqat layihələrinə cəlb olunması vacibdir. Hazırda Avropa İttifaqının “Horizon Europe” proqramında iştirak edən 15-ə yaxın Azərbaycan tədqiqat qrupu var, lakin bu, potensialın yalnız kiçik bir hissəsidir. “Əgər universitetlərimiz bu proqramlarda daha aktiv iştirak etsə, həm elmi nəticələr, həm də beynəlxalq nüfuz artacaq,” – deyə o bildirir.
Təhsil eksperti Kamran Əsədov vurğulayır ki, “beyin axını”nın qarşısını almaq üçün universitetlərdə gənc alimlərə dəstək mexanizmləri gücləndirilməlidir. Qanunvericilik səviyyəsində elmi tədqiqatçıların əməkhaqları, qrant sistemləri və müəllif hüquqları ilə bağlı təminatlar artırılmalıdır. “Gənc alim öz ölkəsində dəyər gördükcə, onun elmi fəaliyyətini davam etdirmək istəyi də güclənir,” – deyə ekspert qeyd edir.
O sonda bildirir ki, Azərbaycanda ali təhsilin gələcəyi elm, innovasiya və beynəlxalq əməkdaşlığa söykənməlidir. “Biz universitetləri cəmiyyətin texnoloji və elmi inkişafının lokomotivinə çevirməliyik. Ancaq o zaman təhsil sistemi ‘beyin axını’ndan deyil, ‘beyin axınına’ səbəb olacaq,” – deyə təhsil eksperti Kamran Əsədov vurğulayır.
Bəhman Hüseynli