Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Elmi şuranın 27 Sentyabr - Anım Gününə həsr olunan iclası keçirilib.
İnstitutundan TƏHSİL.BİZ -ə bildirilib ki, baş direktor AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov Vətən müharibəsinin başlaması, 44 gün sonra əldə edilən tarixi Zəfərə gedən yolda xalq, ordu və dövlət birliyinin əhəmiyyətindən danışıb.
Beynəlxalq əlaqələr və qrant layihələri şöbəsinin müdiri Esmira İmanova çıxışında bildirib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il Anım Günü qeyd edilir. Azərbaycanın mübariz oğul və qızlarının şücaəti yüksək qiymətləndirilir. Şəhidlərimizin xatirəsinə göstərilən ehtiram gələcək nəsillər üçün nümunə olacaq. O, 2023-cü ilin sentyabrın 20-də keçirilən birgünlük lokal xarakterli antiterror tədbirlərini 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbənin məntiqi davamı kimi qiymətləndirib.
İnstitutun Təchizat və xidmət şöbəsinin mühəndisi, ehtiyatda olan zabit Vaqif İbrahimov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun yenilməz gücü və xalqımızın sarsılmaz birliyi nəticəsində 30 illik işğala son qoyulduğunu və tarixi ədalətin bərpa olunduğunu vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən qazi Azərbaycanın regionda lider mövqeyindən danışıb.
İnstitutun Həmkarlar Komitəsinin sədri dosent Aynurə Məmmədova xalqımızın Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşatdığını deyib. O, ölkə rəhbərinin Anım Gününün təsis edilməsi ilə bağlı imzaladığı Sərəncamın şəhidlərimizə olan ehtiramın bariz nümunəsi olduğunu söyləyib.