Logo

AzMİU Qazaxıstanda keçirilən forumda təmsil olunub

26.09.2025 10:07 38 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndə heyəti 25–27 sentyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq miqyaslı tədbirdə – “Qlobal üfüqlər: Transformasiyalar dövründə memarlıq və tikinti sektorlarında beynəlxalq təhsil tərəfdaşlığı” mövzusunda keçirilən “Bir kəmər – Bir yol” Memarlıq Universitetləri Beynəlxalq Konsorsiumunun (BRAUIC) 2025-ci il Konfransı və Beynəlxalq Forumunda iştirak edib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, Qazaxıstanın Beynəlxalq Təhsil Korporasiyası (KazGASA) tərəfindən təşkil olunan forum memarlıq və tikinti sahəsində qlobal əməkdaşlıq üçün mötəbər platformaya çevrilib. Burada dünyanın müxtəlif ölkələrindən ali təhsil ocaqlarının rəhbərləri, tanınmış akademiklər, dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri bir araya gəlib.

AzMİU-nu tədbirdə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru professor Nərgiz Abdullayeva, Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova və Xarici əlaqələr şöbəsinin müdiri dosent Fərhad Əliyev təmsil ediblər.

Plenar iclasda Qazaxıstan Milli Elmlər Akademiyasının prezidenti cənab A.K. Kurışbayev, ölkənin Elm və Ali Təhsil naziri cənab N. Sayasat, Sənaye və Tikinti naziri cənab E.K. Naqaspaev və digər nüfuzlu şəxslər çıxış edərək memarlıq təhsilində əməkdaşlığın vacibliyini vurğulayıblar.

Forum çərçivəsində tələbələrin ən yaxşı layihələrindən ibarət sərgi nümayiş olunub, “Qlobal Memarlıq İrsi: Rəqəmsal Qorunma və İnnovativ Tətbiq Platforması” təqdim edilib. Eyni zamanda, iştirakçılar Almatının memarlıq və şəhərsalma irsi abidələrinə ekskursiyada olublar.

AzMİU nümayəndələri tədbir zamanı xarici universitetlərin rəhbərləri ilə faydalı müzakirələr aparıb, qarşılıqlı əməkdaşlığın inkişafı ilə bağlı yeni perspektivləri nəzərdən keçiriblər.

Beləliklə, forum memarlıq və tikinti təhsilində beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi, rəqəmsal transformasiya və innovativ yanaşmaların tətbiqi baxımından əhəmiyyətli addım kimi dəyərləndirilib.

 

 

 

 


 

Xəbər lenti