Dünyanın ən böyük aerokosmik və texnologiya festivalı olan “TEKNOFEST–2025” bu il Türkiyənin İstanbul şəhərində keçirilir.
Bu barədə TƏHSİL.BİZ -ə BDU-dan bildirilib.
Dünyanın 96 ölkəsindən 565 min 776 komandanın müraciət etdiyi yarışmada BDU-nun “BSU SSTCC” komandası “Əngəlsiz həyat texnologiyaları” kateqoriyası üzrə “NeuroScreen” layihəsini təqdim edir. 24 finalçı komandanın olduğu kateqoriyada “NeuroScreen” layihəsi final mərhələsinə ən yüksək balla - 97.67 balla keçib.
“NeuroScreen” layihəsinin məqsədi iflicli xəstələrin beyin siqnallarının oxunması və filtrlənməsi nəticəsində müxtəlif IoT əsaslı ağıllı ev texnologiyalarının, rəqəmsal vasitələrin və robotəsaslı orqanların idarəsinin təmini, xəstənin sağlamlıq vəziyyətinin anlıq monitorinqi və süni intellekt əsasında təyinidir.