Logo

AzMİU-da xaricdə yaşayan elm adamları ilə görüş keçirilib

18.09.2025 10:29 65 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) İdarə Heyətinin sədri, Humboldt mükafatına layiq görülmüş ilk azərbaycanlı alim, AzMİU rektorunun müşaviri professor Məsud Əfəndiyevlə görüş təşkil olunub. 

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, görüşə universitetin professor-müəllim heyəti, gənc alimlər və tədqiqatçılar qatılıblar.

Görüşü açıq elan edən rektoru professor Gülçöhrə Məmmədova universitetin elmi potensialının inkişaf etdirilməsinin, gənc tədqiqatçıların beynəlxalq miqyasda tanınmasının mühüm vəzifələrdən biri olduğunu vurğulayıb. Rektorun sözlərinə görə ali təhsil müəssisələrinin gücü yalnız tədris göstəriciləri ilə deyil, həm də elmi nailiyyətləri ilə ölçülür. AzMİU rəhbərliyinin də gənc alimlərin elmi fəaliyyətini daim diqqətdə saxladığını, onların beynəlxalq elmi jurnallarda məqalələrinin dərcinə dəstək göstərdiyini və hər bir gənc tədqiqatçı üçün real imkanlar yaradıldığını bildirib.

Açılış nitqindən sonra rektor professor Məsud Əfəndiyevi təqdim edərək vurğulayıb ki, o, nüfuzlu Humboldt mükafatını alan ilk azərbaycanlı alimdir. Onun bu uğuru Azərbaycan elmi üçün böyük şərəfdir və Məsud müəllimin AzMİU-da rektor müşaviri vəzifəsində çalışması universitet alimləri və tədqiqatçıları üçün mühüm dəstəkdir.

Sonra çıxış edən professor Məsud Əfəndiyev AzMİU-da müşahidə etdiyi elmi mühiti yüksək qiymətləndirib. O, universitetdə böyük istedad və elmə maraq nümayiş etdirən gənc alimlərin fəaliyyət göstərdiyini söyləyib. Professorun fikrincə AzMİU-nun professor-müəllim heyəti və gənc tədqiqatçıları Azərbaycanın elm sahəsindəki mövqeyini beynəlxalq miqyasda  gücləndirmək gücünə və istedadına malikdir. Dünya Azərbaycanlı Alimlər Birliyi də bu istiqamətdə əməkdaşlığa və dəstəyə açıqdır.

Məsud Əfəndiyev bununla yanaşı, müxtəlif ölkələrin nüfuzlu universitetlərində çalışan azərbaycanlı alimlərlə keçirilən görüşlərdən söz açıb. O qeyd edib ki, həmin alimlər AzMİU-nun professorları və gənc tədqiqatçıları ilə sıx əməkdaşlıqda maraqlıdırlar. 

Elmi-tədqiqat şöbəsinin müdiri Reyhan Əkbərli çıxışında bildirib ki, müasir dövrdə ali təhsil müəssisələrinin inkişafı yalnız milli səviyyədə deyil, həm də beynəlxalq rəqabət qabiliyyəti ilə ölçülür. AzMİU-nun da əsas hədəflərindən biri beynəlxalq rəqabətdə mövqeyini gücləndirmək, yüksək impakt faktorlu jurnallarda məqalələrin sayını artırmaq, sitat göstəricilərini yüksəltmək və beynəlxalq əməkdaşlıq şəbəkələrini genişləndirməkdir.

İnteraktiv müzakirələrlə davam edən görüşdə akademik heyətin sualları cavablandırılıb, onların elmi fəaliyyət zamanı üzləşdikləri çətinliklər dinlənilib və təcrübə mübadiləsi aparılıb.

 

 

 

 


 

Xəbər lenti