Logo

Agentlik Beynəlxalq Müəllimlər Günü ilə bağlı çağırış etdi

24.09.2025 10:27 80 baxış
IMG

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi qarşıdan gələn 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə bağlı çağırış edib.

Bu barədə TƏHSİL.BİZ -ə agentlikdən məlumat verilib.

"5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ərəfəsində bütün təhsil işçilərini təbrik edir, bu şərəfli və məsuliyyətli işdə hər birinizə uğurlar arzulayırıq!

Bildiyiniz kimi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq Qərarı ilə “Təhsilverənlərin etik davranış Qaydaları” təsdiq edilmişdir.

Bu Qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasına, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir.

Qeyd edilənləri nəzərə alaraq, 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi adı altında onlara hər hansı maddi və qeyri-maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair bu kimi neqativ halların baş verməsi qəti şəkildə qadağan edilir", - deyə məlumatda qeyd olunub.

Xəbər lenti