Logo

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa keçirilib

10.05.2024 21:59 267 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə dəyirmi masa keçirilib.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masada çıxış edən MEK-in direktoru dosent Hüseyn Hüseynov dahi lider Heydər Əliyevin rəhbərliyinin hər iki dövründə respublikamızın hərtərəfli inkişafına - elmə, təhsilə, kənd təsərrüfatına, mədəniyyətə, hərb sahəsinə göstərdiyi misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, respublikada Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması Ümummilli Liderin uzaqgörən siyasətinin bir hissəsidir. Məhz bu məktəbin yetirmələri 44 günlük Vətən müharibəsində qələbənin əldə olunmasında Ali Baş Komandanın rəhbərliyi ilə böyük şücaət göstərərək Azərbaycanın bütövlüyünü təmin etdilər. Ümummilli Liderin milli kadrların yetişdirilməsində böyük əməyindən də danışan direktor keçmiş ittifaqın ali məktəblərinə göndərilən minlərlə gəncin bu gün ölkəmizin elm və təhsil sahəsində qazanılan nailiyyətlərdə xüsusi çəkisinin olduğunu vurğulayıb.

Direktor Ümummilli Liderin çoxşaxəli fəaliyyətində Azərbaycan kitabxana sisteminin inkişafı istiqamətində gördüyü mühüm işləri də diqqətə çatdırıb: “1998-ci ildə “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunun qəbul olunması, 2000-ci ildə “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanunun qəbul edilməsi, “Kitabi - Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi, Azərbaycan Milli Kitabxanasının yubileylərinin keçirilməsi Ümummilli Liderin kitaba və kitabxana işinə xüsusi diqqətinin bariz nümunəsidir. Həmçinin AMEA-nın Mərkəzləşmiş Kitabxana Sisteminin kitabxana fondunun təşkilində, komplektləşdirilməsində, qorunub saxlanmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin ölkədə bütün sahələrin inkişafı istiqamətində apardığı məqsədyönlü tədbirlər, həmçinin 2014-cü ildə MEK-in yeni binasının açılışında Prezident İlham Əliyevin şəxsən iştirakı, buranın yüksək texniki avadanlıqlarla təmin edilməsi kitabxana sahəsinə dövlət tərəfindən göstərilən qayğının daha bir nümunəsidir”.

Daha sonra MEK-in Elektron xidmətlər və informasiya resursları üzrə direktor müavini Oruc Quliyev çıxış edərək Ümummilli Liderin siyasi fəaliyyətinə, çoxşaxəli zəngin irsinə nəzər salıb, kitabxanaşünaslığın elm sahəsi kimi inkişafında Ulu Öndərin xidmətlərindən danışıb.

Xəbər lenti