Logo

Şimali Qazaxıstan Universiteti ilə Dendrologiya İnstitutu birgə beynəlxalq konfrans keçiriblər

24.05.2023 13:40 243 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu Qazaxıstan Respublikası Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universiteti ilə birgə dosent V.L.Rabinoviçin anadan olmasının 100 illiyinə həsr olunmuş “Riyaziyyat və təbiət elmləri problemləri” mövzusunda XI beynəlxalq elmi-praktik konfrans keçiriblər.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Konfransın işçi dilləri qazax, rus, ingilis dilləri olmaqla onlayn və oflayn formatda təşkil olunub.

Tədbiri Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universitetinin rektoru Erlan Nurlıbekoviç Şulanov giriş nitqi ilə açıb. Universitetin Riyaziyyat və təbiət elmləri fakültəsinin dekanı Serqey Vladimiroviç Paşkov və Dendrologiya İnstitutunun baş direktoru, b.ü.f.d., dosent Minarə Həsənova konfransın işinə uğurlar arzulayıblar.

Konfransın plenar iclasında Minarə Həsənova “Azərbaycan Respublikasının Abşeron yarımadasının şoran torpaqları üzərində bitən bəzi ağac və kol bitki növlərinin bioindikator xüsusiyyətləri” adlı məruzə ilə çıxış edib. Alim Abşeron yarımadasının təbii florasından şoranlaşmış torpaqların bərpasında istifadə edilən bir qrup bitki və introduksiya olunmuş ağac və kol bitkilərinin tədqiq edilməsi haqqında məlumat verib. Tədbir zamanı qonaqlara Dendrologiya İnstitutunun elmi potensialı barədə məlumat verilib və onlar müəssisədə fəaliyyət göstərən laboratoriyalarla yaxından tanış olublar. İki elmi müəssisə arasında imzalanmış memoranduma əsasən gələcəkdə qarşılıqlı prinsiplərə əsaslanaraq müştərək tədqiqatların aparılması, elmi kadrların hazırlığı və mübadiləsi, birgə tədqiqat layihələrinin hazırlanaraq müvafiq qurumlara təqdim edilməsi, nəşrlərin və tədris materiallarının mübadiləsinin təşkili, müştərək seminarlarda və akademik görüşlərdə iştirakı nəzərdə tutulur.

“Bu gün ali elm və təhsil müəssisələrinin böyük məqsədləri vardır. İndi sadəcə öyrətmək kifayət deyil. Cəmiyyət ali və elm təhsili müəssisələrindən tətbiqi elmi problemlərin həllini gözləyir. Məsələn, alimlər qlobal məsələlərin həlli üzərində işləyir, fundamental riyazi tədqiqatlar üçün qrant həyata keçirirlər və s. Ona görə də konfransın əsas məqsədi bilik mübadiləsi və yeni ideyaların doğulmasıdır”, - deyə Qazaxıstan Respublikası Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universiteti İnnovasiya və Beynəlxalq məsələlər üzrə idarə heyətinin üzvü Damel Mektepbayeva bildirib.

Qeyd edək ki, mütamadi olaraq keçirilməsi planlaşdırılan sözügedən konfransa 125 məqalə qəbul olunub.

Xəbər lenti