Logo

Təhsil İnstitutunda Ümummilli lider Heydər Əliyevin anım günü keçirilib - FOTO

07.12.2022 17:40 200 baxış
IMG

Azərbaycan Respublikasının Təhsil İnstitutunda Ümummilli lider Heydər Əliyevin anım günü keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbiri giriş sözü ilə Səbail rayon “Zərifə Əliyeva 96” ərazi partiya təşkilatının sədri İlham Cavadov açaraq ümummilli lider Heydər Əliyevin istər Sovet imperiyası dövründə, istərsə də müstəqillik illərində misilsiz və müstəsna xidmətləri olduğunu bildirib. Ümummilli lider Heydər Əliyevin öz fəaliyyətində milli, mənəvi dəyərlərimizi təbliğ etdiyini və bununla da Azərbaycanda milli şüurun yaranmasının əsasını qoyduğunu, milli şüur əsasında Azərbaycanın 2-ci dəfə öz müstəqilliyini əldə etməsini qeyd edib. Heydər Əliyevin təhsil sahəsində, milli kadrların hazırlanması, gənclərin maariflənməsi, xalqın təhsil şəraitinin yaxşılaşdırılması istiqamətlərində misilsiz xidmətlərini xüsusi vurğulayıb.

Sonra Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək Ümummilli lider Heydər Əliyevin bütün həyatını, ömrünü xalqın rifahı üçün həsr etməsindən, Azərbaycanın bütün nailiyyətlərinin kökündə Ulu öndərin həm daxili, həm də xarici siyasətinin olmasından danışıb. O, çıxışında Heydər Əliyevin Sovet illərində Dövlət Təhlükəsizlik Komitəsində uğurlu fəaliyyətindən və bu fəaliyyət nəticəsində Azərbaycanın gələcəyi üçün gənclərin ən yüksək səviyyəli universitetlərə göndərilməsindən bəhs edib. 

İnstitutun direktoru Rüfət Əzizov çıxışında Ulu öndər Heydər Əliyevin Azərbaycanlı gənclərin xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almağa göndərməsini uzaqgörən siyasətinin nəticəsi kimi qiymətləndirib. Bu gün də bütün sahələrdə olduğu kimi təhsil sahəsində də Ulu öndərin ideyalarının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən bəhs edib. 

Daha sonra institutun şöbə müdiri İntiqam Cəbrayılov “Azərbaycanda elm və təhsilinin Heydər Əliyev mərhələsi” mövzusunda təqdimat edib. Ümummilli lider Heydər Əliyevin Azərbaycan elminə, təhsilinə, müəlliminə verdiyi dəyərdən, tarixi ideyalarından ətraflı məruzə edib.  Məruzə ətrafında müzakirələr aparılıb. 

Anım tədbirində ARTİ-nin direktoru Rüfət Əzizov, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, YAP Səbail rayon “Zərifə Əliyeva 96” ərazi partiya təşkilatının sədri İlham Cavadov, rayon YAP Səbail rayon təşkilatının əməkdaşları Fuad Heydərli, Lamiyə Hacızadə, institutun struktur bölmə rəhbərləri və elmi işçiləri iştirak edib.

Xəbər lenti