Logo

Azərbaycan və Özbəkistan arasında elmi əməkdaşlıq genişlənir

22.04.2024 18:10 124 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutu arasında elmi əməkdaşlıq haqqında memorandum imzalanıb.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, bu elmi müəssisənin direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov institutun tarixi, şöbələri, tədqiqat istiqamətləri haqqında geniş məlumat verib. Direktor institutun beynəlxalq əlaqələrə, xüsusilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin elmi qurumları ilə əlaqələrə böyük önəm verdiyini bildirib, Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutu ilə imzalanan memorandumun əməkdaşlıq baxımdan geniş imkanlar açacağını vurğulayıb.

Professor Kərim Şükürov bildirib ki, memorandumun məqsədi A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu ilə Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutu arasında elmi əməkdaşlığı genişləndirməkdir. Buraya Azərbaycan-Özbək xalqlarının tarixi əlaqələri, dünya tarixi, xüsusən də ümumtürk tarixinin öyrənilməsi üzrə sistemli əməkdaşlıq qurmaq, birgə tədqiqat layihələrini həyata keçirmək, elmi kadrların hazırlanmasına və mübadiləsinə dəstək göstərmək, müştərək elmi konfranslar, simpoziumlar, seminarlar, toplantılar və işçi görüşlər təşkil etmək, elmi tədqiqat üçün zəruri olan bütün növ mənbələrin axtarışını, elmi dövriyyəyə buraxılmasını və nəşrini həyata keçirmək və s. məsələlər aiddir.

İki ölkə arasında əlaqələr haqqında danışan Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutunun direktoru akademik Ziyo Azamat Azərbaycanın elmi müəssisələri ilə əməkdaşlığa mühüm önəm verdiklərini, bu baxımdan A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu ilə əlaqələrin vacibliyini vurğulayıb. O, Özbəkistanda son illərdə bütün sahələrdə, o cümlədən elm sahəsində islahatlar barədə geniş məlumat verib. Akademik Ziyo Azamat tarixin bir sıra dövrləri və məsələlərinin Özbəkistan və Azərbaycan tarixçilərinin birgə tədqiq etməsinin vacibliyini bildirib, bu sırada akademik Ziya Bünyadovun Xarəzmşahlar dövləti haqqında əsərini xatırladıb, imzalanan memorandumun iki ölkənin elmi əməkdaşlığı baxımdan ciddi addım olduğunu söyləyib.

Qeyd edək ki, Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutunun direktoru Ziyo Azamat Azərbaycana səfəri çərçivəsində AMEA-nın Tarix və Etnologiya İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan–Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası (SEBA) və Alban-udi xristian icmasının birgə təşkilatçılığı ilə “Qafqaz Albaniyası: etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” mövzusunda XI beynəlxalq elmi konfransda çıxış edib, Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib, Mədəniyyət Nazirliyi Milli Azərbaycan Tarixi Muzeyində, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda, Heydər Əliyev Mərkəzində olub.

Xəbər lenti