Logo

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyası təqdim edilib

22.04.2024 17:00 127 baxış
IMG

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının təqdimatı keçirilib.

Milli Məclisin deputatlarının, elm, mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi anılıb.

Açılış mərasimində qonaqlara muzey haqqında videoçarx və son 25 il ərzində çıxan nəşrlər təqdim olunub.

Tədbirdə çıxış edən muzeyin direktoru akademik Nailə Vəlixanlı bildirib ki, yeni ekspozisiya Azərbaycan tarixinin bütün dövrlərini əhatə etməklə yerli və xarici ziyarətçilərə ölkəmizin çoxəsrlik tarixi keçmişini, məişətini və mədəniyyətini daha dərindən bilmək və öyrənmək imkanı verir.

Sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək Prezident İlham Əliyevin elm və mədəniyyətimizin inkişafına daim xüsusi önəm verdiyini vurğulayıb. O, Milli Azərbaycan Tarixi Muzeyində aparılan elmi araşdırmaların əhəmiyyətindən bəhs edib.

Tədbirin rəsmi hissəsi qədim musiqi alətləri ansamblının konsert proqramı ilə davam etdirilib.

Daha sonra qonaqlar Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyası ilə tanış olublar.

Qeyd edək ki, 2023-cü ilin əvvəlindən ekspozisiya zallarında işlərə başlanılıb. İş prosesində əvvəlkindən fərqli olaraq yeni ekspozisiyanın 1920-ci ilə qədər deyil, davamlı olaraq Zəfər və Böyük Qayıdış tarixi ilə tamamlanması qərara alınıb. 2023-cü ilin sonunda ekspozisiyanın bütün zallarında eksponatların müvafiq vitrinlərdə yerləşdirilməsi, iki dildə (Azərbaycan və ingilis) annotasiyaların, etiketajların hazırlanması başa çatıb. İnteraktiv masa və monitorlarda Azərbaycan tarixinin bütün dövrləri, həmçinin həmin dövrlərə uyğun gələn muzey eksponatları haqqında məlumatlar yerləşdirilib.

Ekspozisiya birinci və ikinci mərtəbələri əhatə etməklə ümumilikdə 26 zaldan (1684 kvadratmetr) (H.Z.Tağıyevin xatirə muzeyinin ekspozisiyası istisna olmaqla) ibarətdir. Birinci mərtəbədə tarixin ən qədim çağlarından XIX əsrin əvvəllərinə qədər olan, ikinci mərtəbədə isə XIX əsrin ikinci yarısından indiyədək olan dövrlər nümayiş edilir.

Xəbər lenti