Logo

Azərbaycan Naşirlərinin I Forumu keçiriləcək

22.04.2024 15:59 172 baxış
IMG

Aprelin 26-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan Naşirlərinin I Forumu keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.

Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Mədəniyyət Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə baş tutacaq forumda Nəşriyyat menecmentliyi və kitab marketinqi, Redaktə və tərcümə problemləri, Müəllif hüquqları və beynəlxalq əməkdaşlıqlar, Tərtibat, dizayn və qrafika və Uşaq nəşrləri və yeni yanaşmalar mövzusunda panellərdən ibarət olacaq.

ANAİB sədri, Naşirlər Forumu və Oxu gününün layihə rəhbəri Şəmil Sadiq qeyd edib ki, Azərbaycan Naşirlərinin I Forumu ölkənin müstəqillik dövründə inkişaf edən özəl nəşriyyat sektorunun bir növ hesabatlılığına, ümumi problemlərin həlli ilə bağlı təkliflərin formalaşmasına, yeni layihələrin hazırlanması üçün şəbəkələşmənin təmin olunmasına töhfə verəcək.

Forum çərçivəsində 27-28 aprel tarixlərində Elmlər Akademiyasının həyətində Oxu günü-10 sərgi-yarmarkası təşkil olunacaq.

Ölkənin 40-dan çox aparıcı nəşriyyatı və kitab evinin, eləcə də 70-ə yaxın yazıçı və ziyalının iştirakı ilə baş tutacaq sərgidə möhtəşəm proqram, çoxçeşidli kitabların satışı baş tutacaq.

Müxtəlif endirimlərin tətbiq olunacağı kitab festivalında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klaslar da təşkil ediləcək.

Forumda iştirak şirkətlər üçün qeydiyyatla, Oxu günü-10 sərgisində iştirak isə sərbəstdir.

Xəbər lenti