Elm və Təhsil Nazirliyi Kataliz və Qeyri–üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının və 5 nömrəli Uşaq–Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycan elminin hamisidir” adlı layihə həyata keçirilib.
Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.
Kiçik akademiyalarla iş çərçivəsində reallaşdırılan elm həftəliyinin məqsədi uşaqların elm sahəsinə maraqlarının artırılması, elmi potensiallarının düzgün istiqamətləndirilməsi, elm və texnika sahəsində baş verən yeniliklərin təbliği olub. Layihə çərçivəsində 5 nömrəli Uşaq–Gənclər İnkişaf Mərkəzinin Elm və texnika şöbəsinin dərnək üzvləri Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda müxtəlif laboratoriyalarda görülən işlərlə tanış olublar və onlara kimya elminin aktual problemlərinə həsr edilmiş layihələrin hazırlanması üçün elmi-metodik dəstək göstərilib.
Məktəblilər Fiziki-kimyəvi analiz şöbəsində, Nanoelektrokimya və elektrokataliz, Analitik kimya laboratoriyalarında elmi-tədqiqatların aparılmasında istifadə olunan qurğuların işləmə prinsipləri ilə tanış olub, təcrübələrə cəlb ediliblər.
Layihə çərçivəsində 5 nömrəli Uşaq–Gənclər İnkişaf Mərkəzində “Heydər Əliyev və elm” mövzusunda konfrans keçirilib. Konfransda dərnəklərin profillərinə uyğun olaraq kimya, biologiya, riyaziyyat fənləri və süni intellekt sahəsində yerinə yetirilmiş elmi tədqiqatların nəticələri barədə məlumat verilib.
Konfransda çıxış edən Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayev “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən “Heydər Əliyev Azərbaycan elminin hamisidir” layihəsinin mahiyyətindən bəhs edib. O, uşaqların elmi–texniki yaradıcılıq potensialının və riyazi düşüncə bacarıqlarının artırılması, onların arasında elm, təhsil və texnika sahəsində yeniliklərin təbliği və müasir informasiya texnologiyalarından səmərəli istifadənin formalaşdırılması baxımından layihənin əhəmiyyətini vurğulayıb.
Mərkəzin rəhbəri Elza Orucova layihədə iştirak edən bütün şagirdlərə uğurlar arzulayıb.
Fəallığı ilə fərqlənən müəllim və şagirdlərə sertifikatlar verilib.