Logo

Zoologiya İnstitutunda Ümummilli Liderin anım gününə həsr olunmuş iclas keçirilib

11.12.2023 19:14 107 baxış
IMG

Zoologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş iclas keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə institutun baş direktoru vəzifəsini icra edən dosent Ələddin Eyvazov Ulu Öndərin ömür yolundan və siyasi fəaliyyətindən danışıb. Vurğulayıb ki, Heydər Əliyev XX əsrin siyasi tarixində ən nüfuzlu dövlət xadimlərindən biridir. Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunub.

İclasda çıxış edən YAP Yasamal rayonu “504-cü Məhəllə ərazi”si ilk Partiya Təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru Hafiz Muxtarov Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti, onun qoyduğu irs ilə fəxr edə biləcək dahi şəxsiyyət olduğunu söyləyib. Bildirib ki, Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olub.

Daha sonra institutun Qadınlar şurasının sədri, biologiya elmləri doktoru dosent Yeganə Mahmudova Ulu Öndər Heydər Əliyev və qadın siyasəti haqqında məruzə ilə çıxış edib. Bildirib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin məhz Heydər Əliyevin adı ilə bağlı olması danılmaz bir faktdır: “O, qadınların idarəetmə, qərar qəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilib. Azərbaycanda qadın hüquqlarının qorunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olub. Ulu Öndərin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar olub”.

Tədbirin sonunda Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Xəbər lenti