Logo

ADNSU tələbə klubu gənc mühəndislərə beynəlxalq yarışmada iştirak imkanı yaradır

24.09.2025 14:52 96 baxış
IMG

 

Mexanika Mühəndisləri İnstitutunun (IMechE) ADNSU tələbə klubu tələbələrin peşəkar inkişafını dəstəkləmək və onları beynəlxalq mühəndislik platformalarında tanıtmaq məqsədilə yeni imkanlar yaradır.

TƏHSİL.BİZ xəbər verir ki, bu istiqamətdə tələbələr üçün təqdim olunan növbəti mühüm fürsət “Mühəndislik üçün danış!” (Speak Out For Engineering - SOFE) layihəsinin 2025–2026-cı il üzrə Azərbaycan Milli Finalında iştirak imkanıdır.

IMechE Azərbaycan tərəfindən təşkil olunan bu yarışma, gənc mühəndislərə texniki biliklərini ingilis dilində səlis şəkildə təqdim etmək, təqdimat bacarıqlarını inkişaf etdirmək və peşəkar münsiflər qarşısında çıxış etmək üçün mühüm təcrübə qazandırır. SOFE yarışması, xüsusilə startap yönümlü ideyalarını və texniki mövzularını daha geniş auditoriyaya təqdim etmək istəyən tələbələr üçün dəyərli platformadır.

Yarışmaya yalnız fərdi şəkildə qatılmaq mümkündür. İştirakçılardan mexaniki mühəndisliklə bağlı seçdikləri bir mövzuda “PowerPoint” təqdimatı hazırlayıb 10 dəqiqəlik qısa video şəklində ingilis dilində təqdim etmələri tələb olunur. Mövzu seçimi iştirakçıya aiddir, lakin innovativ və startap yönümlü mövzulara üstünlük veriləcək. İlkin seçim mərhələsindən uğurla keçən iştirakçılar, təqdimatlarını canlı şəkildə IMechE-nin peşəkar münsiflər heyətinə təqdim etmək üçün dəvət olunacaqlar.

Yarışmanın qaliblərini həm beynəlxalq sertifikatlar, həm də pul mükafatları gözləyir: birinci yerin sahibi 600 AZN, ikinci yerin sahibi isə 400 AZN məbləğində mükafat qazanacaq. Ən əsası isə birinci yerin sahibi Azərbaycanı növbəti – regional mərhələdə təmsil etmək hüququ əldə edəcək.

Tədbir Azərbaycan-Fransız Universitetində (UFAZ) keçiriləcək və təqdimat videolarının göndərilməsi üçün son tarix 28 sentyabr olaraq müəyyən edilib.

Qeyd edək ki, 1964-cü ildən bəri keçirilən SOFE yarışması, gənc mühəndislərin texniki ideyalarını cəmiyyətə aydın və anlaşıqlı formada çatdırmaq bacarığını sınayan nüfuzlu bir tədbirdir. ADNSU tələbələri üçün bu yarışma, həm yerli, həm də beynəlxalq mühəndislik mühitində tanınmaq baxımından mühüm fürsətdir.

Qeydiyyat üçün keçid: https://lnkd.in/ewktdJXQ

 


 

Xəbər lenti