Logo

Eldən gedən həkim - FOTOLAR

02.07.2022 14:50 279 baxış
IMG

Yaxşı həkim olmaq olur, amma hamının dostu olmaq çətindir. Artıq sınağa ehtiyacı olmayan bu aksiomu Fazil həkimin ölümündən təsirlənən həmkarları, gənc tibb işçiləri, cənub bölgəsinin sadə insanları da xüsusi vurğulayırlar.

“Nə olar, bir yuxu olsun, oyanaq və yenə bizimlə birlikdə ol. Sən hələ bizimlə gözəl günlər keçirəcəkdin. Mən axı hələ həkim olacaqdım, sənin yanına gəlib “Baba, mən həkimliyə qəbul oldum”- deyə birlikdə kövrələcək, sənin ağ xalatını geyinəcəkdim. Sən yazılarla ifadə edə bilməyəcəyimiz qədər  dəyərli, xeyirxah bir insan idin…” Lənkəran Müalicə-Diaqnostika Mərkəzinin şöbə müdiri, cərrah-travmatoloq, neyrocərrah Fazil İbrahimov haqqında sevimli nəvəsi Xanımın ürək titrədən fikirlərinə bu gün təkcə rayonda deyil, bütün bölgədə həkim-cərrahı yaxından tanıyan və sorağını eşidən insanların da kədər və qürur dolu fikirləri qarışıb. Həm peşəkarlığı, həm də xeyirxahlığı ilə tanınan, bütün ömrü boyu insanların sağlamlığı üçün çalışan nəcib bir həkimin həyatdan köçməsini həmkarları da, doğmaları da səhiyyəmiz üçün böyük bir itki hesab edirlər. Onlar üçün həyatdan köçən sıradan bir insan və həkim deyil: “Ömrü boyu insanlara şəfa verən həkimi, əfsus ki, həmkarları bu dəfə xilas edə bilmədi. O, 70 illik həyatı boyunca hər kəsə dəstək olmağı bacardı. Özündən sonra ağıllı, xeyirli övladlar və yaxşı əməllər qoyub getdi. Bir də onun üçün darıxan, göz yaşı tökən, onun xiffətini çəkən xeyli sayda əzizlərini...”- deyə üzüntülərini ifadə edirlər.

"Kaspi qəzetinin"  yazısını təqdim edirik:

İnsanlara təmənnasız kömək…

Fazil həkim Lənkəranın Xolmili kəndində dünyaya göz açıb. Kəndin əyri-üyrü, daşlı-kəsəkli, palçıqlı yolları onu sonradan arzularını ifadə edən böyük yolun başlanğıcına qovuşdurub. Sevdiyi peşənin arxasınca gedərək,o zaman çoxlarının arzuladığı, amma hər kəsə də nəsib olmayan Rusiyanın İvanovo Tibb Akademiyasına daxil olub. 3 il Rusiyada çalışdıqdan sonra doğma rayonuna qayıdıb. “Ömrüm boyu dilindən, dinindən, imkanından asılı olmayaraq bu obada, bu eldə yaşayan hər kəsə təmənnasız yardım edəcəyəm. Can qurtaracaq, dərdə düçar olanların dərdinə dərman tapacağam” - deyə atası Rza müəllimə verdiyi sözə son nəfəsinə qədər sadiq qalıb. Bütün fəaliyyəti boyu bu sözlər həkim-cərrahın həyat kredosuna çevrilib, yoluna işıq salıb, cərrah bıçağına qəlbindəki sonsuz sevgisi, insanların güvəndiyi əlinin şəfası da qarışıb.

Kapitan rütbəli cərrah

Fazil həkim Lənkəranda bir çox tibb müəssisələrində, o cümlədən Hərbi Hospitalda işləyib. Şürük kənd xəstəxanasında yaratdığı cərrahi şöbə onun sorağını bütün bölgəyə yayıb. Uçuq-sökük binanı öz hesabına təmir etdirib, avadanlıqlar alıb. Şəraiti şəhər xəstəxanasından qat-qat zəif olsa da, məhz bu otaqda bir çox insanların həyatını xilas edib. Kiçik bir şöbənin gördüyü böyük işlər “Burada ürək əməliyyatından başqa bütün əməliyyatlar olunub”- deyə yüksək rütbəli şəxsləri də etiraf etməyə məcbur edib.

Fazil həkim yardıma ehtiyacı olan hər kəsin köməyinə tələsib. 1-ci Qarabağ müharibəsi illərində ağır döyüşlər gedən Füzuli rayonunda ən çətin şəraitdə cərrahi əməliyyatlar aparıb, əsgər və zabitləri ölümdən qurtarıb. Həftələrlə evindən, ailəsindən xəbərsiz qalıb, hərbçilərin həyatı üçün mübarizə aparıb. Məhz onun fədakarlığı sayəsində neçə-neçə zabit və əsgər amputasiyadan xilas olub, öz sağlamlığına qovuşub. Fazil həkim o dövrdə cəbhədə xidmət etməklə yanaşı, həm də Lənkəranda yerləşən Hərbi Hospitalda eyni əzmlə çalışıb. Cəbhədən helikopterlə gətirilən ağır yaralılara yardım edib. Göstərdiyi fədakarlıq və peşəkarlığa görə həkim-cərraha kapitan hərbi rütbəsi verilib.

O, hamının dostu idi

Yaxşı həkim olmaq olur, amma hamının dostu olmaq çətindir. Artıq sınağa ehtiyacı olmayan bu aksiomu Fazil həkimin ölümündən təsirlənərək sosial platformalarda paylaşım edən həmkarları da, gənc tibb işçiləri də, bölgənin sadə insanları da qeyd edir.

“Mən ən yaxın dostumu və sirdaşımı itirmişəm”- deyə revmotoloq Əbdül Şahverdiyev həmkarının itkisi ilə barışmır: “Fazil həkim qayğıkeş, mərhəmətli insan idi. İnsanların narahatlığına o qədər başı qarışmışdı ki, özünü yaddan çıxarmışdı. İnsanlara münasibətinə görə hamının sevgisini qazanmışdı. Xəstələr onunla görüşəndə müsbət enerji alırdılar. O, qohum-əqrəbaya, kənd adamlarına, kasıb-kusuba ürəkdən və təmənnasız yardım edirdi. Biz lazım olanda ondan təkcə həkimliklə bağlı deyil, həmçinin həyat haqqında da məsləhətlər alırdıq. O, hamının dostu və məsləhətçisi idi”.

Qayğıkeş ata

“O, bəlkə də, dünyanın ən mehriban və qayğıkeş atası idi”- deyə qızı Afaq xanım atası haqqında göz yaşlarsız danışa bilmir: “Atam bizim üçün nümunəvi insan idi. Bəlkə də, heç analar onun qədər qayğıkeş ola bilməzdi. Atam ömrü boyu insanlara kömək etməyə çalışırdı. Elə vaxt olurdu ki, əməliyyatların xərcini özü çəkirdi. Atam öz işini yalnız xəstəni əməliyyat stolunda xilas etməklə bitirmirdi. Onlara maddi-mənəvi dəstək olurdu, dərman ala bilməyənlərə dava-dərman alırdı. Qapısını döyən heç bir kəsi ümidsiz, əliboş qaytarmazdı. Ağır vəziyyətdə olan xəstələrinə bəzən “qurbanlıq” boyun olurdu”.

Fazil həkim peşəsini nə qədər sonsuz sevsə də, gördüyü işlə nə qədər qürur duysa da, həkimlik peşəsinin məsuliyyətinə, həyəcanına və ağırlığına görə dörd övladından heç birinin həkim olmasını istəməyib: “Atam deyirdi ki, həkimlik ağır peşədir. Amma nəvəsi Xanım babasının yolunu davam etdirmək istəyir. İstanbul Cərrahpaşa Universitetinə hazırlaşır. Babası onun üçün həyat yolunda təkcə həkimlik sənəti ilə deyil, həm də insani xüsusiyyətləri ilə əsl nümunə olub”.

Yəqin ki, günlərin birində Fazil həkim “Baba, mən həkim oldum” deyə eynən özü kimi insanlara təmənnasız kömək edəcəyinə söz verəcək nəvəsinin pıçıltısını da eşidəcək…

Həmişə yaxşılıq edin

Fazil həkim uzun illərin təcrübəsinə rəğmən  dövrün yeniliklərini öyrənməkdən də geri qalmayıb. Daim peşəsi ilə bağlı araşdırmalar edib, tibb elmindəki yenilikləri öyrənməyə çalışıb: “10 il bundan əvvəl neyrocərrahiyyə sahəsi üzrə yenidən oxudu. Zonanın neyrocərrahı yox idi. Həmişə deyirdi ki, mən bu yaşda kitablar oxuyuram, ingilis dilini öyrənməyə çalışıram, amma siz öz üzərinizdə işləmirsiniz”-, deyə qızı vurğulayır. 

Fazil həkim COVID xəstəliyinə tutulana qədər hər gün işinə - xəstələrin köməyinə tələsib. Özü xəstə olduğu müddətdə isə çalışdığı xəstəxanadakı iş otağı boş qalıb. Onun otağına başqa bir həkimin çalışmasına nə rəhbərlik razılıq verib, nə də həmkarları buna ürək edib: “Bu gün də atamın iş kabineti boşdur. Ümid edirdilər ki, o, sağalıb qayıdacaq. Ancaq atam COVID-dən sonra insult keçirdi. Danışığını, yerişini itirdi, daha işə gedə bilmədi…”- deyə Afaq xanım xatırlayır.

El ağsaqqalı

Fazil həkim el ağsaqqalı idi. Xeyirdə də, şərdə də nəinki rayonun, ümumilikdə bölgənin məclisləri onsuz ötüşməzdi. Belə insanlar haqqında adətən “El ağsaqqalı”, “Eldən getdi” deyirlər. Xəstələrin köməyinə vaxtında və təmənnasız çatan el ağsaqqalı Fazil həkim də eldən getdi. Özü ilə apardığı isə minlərlə insanın sevgisi və təşəkkürü oldu…

Xəbər lenti