Logo

BDU-da elmi-praktik konfrans keçirilib

07.12.2022 09:11 314 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) birgə təşkilatçılığı ilə Coğrafiya fakültəsinin Geodeziya və kartoqrafiya kafedrasının yaranmasının 50 illik yubileyinə həsr edilmiş “XXI əsr: Geoməkan məlumatları və kosmik informasiya infrastrukturu. İnnovasiyalar, səmərəli istifadə yolları” mövzusunda Respublika elmi-praktik konfransı keçirilir.

Tehsil.biz xəbər verir ki, konfransın açılışında çıxış edən BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov Geodeziya və kartoqrafiya kafedrasının keçdiyi tarixi inkişaf yolundan, bütövlükdə bu elmin ölkənin iqtisadiyyatı, təhlükəsizliyi üçün strateji əhəmiyyətindən danışıb.

Geodeziya və kartoqrafiya kafedrasının müdiri Məqsəd Qocamanov “1972-ci ildən başlanan yol” adlı məruzəsində kafedranın keçdiyi tarixi inkişaf yoluna nəzər salıb. Bildirib ki, Geodeziya və kartoqrafiya kafedrasının yaranma tarixi 1972-ci ildən hesablansa da, əslində onun ilk bölməsi 1944-cü ildən formalaşmağa başlayıb. BDU-da Coğrafiya fakültəsinin yarandığı ildən geodeziya və kartoqrafiya fənləri tədris olunub və bu elm sahəsi üzrə ilk bölmə formalaşıb. 1974-cü ildən başlayaraq kafedrada Kartoqrafiya ixtisası üzrə ali təhsil proqramına uyğun mütəxəssis hazırlığına başlanılıb.

Konfransda Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya Dövlət Agentliyinin direktoru Nazim İsmayılov “Azərbaycanda geoməkan məlumatları infrastrukturunun yaradılmasında innovasiyalar” mövzusunda çıxış edib. O bildirib ki, geoməkan, eləcə də kosmik informasiya ölkə iqtisadiyyatının daha stabil və davamlı inkişafını təmin edən sahələrdəndir. Bu strateji sahələr dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası, vahid dövlət koordinat sisteminin təsbit olunması, ölkə ərazisinin xəritələşdirilməsi və s. mühüm məsələlərin həllində olduqca əhəmiyyətlidir. Təkcə onu qeyd etmək kifayətdir ki, 44 günlük Vətən müharibəsi zamanı düşmən obyektlərinin yerinin müəyyənləşməsi və vahid koordinat sistemində Pilotsuz Uçuş Aparatlarının (PUA) idarə olunması ilə düşmənin məhv edilməsi məhz kosmik və geoməkan məlumatlarından istifadə əsasında gerçəkləşib.

“Kosmik informasiyadan səmərəli istifadə yolları. Azərkosmos ASC-nin texniki imkanları” mövzusunda çıxış edən Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) Coğrafi İnformasiya Sistemləri Mərkəzinin aparıcı mütəxəssisi Elman Ələsgərov bildirib ki, hazırda Yerin fiziki səthində yerinə yetirilən istənilən növ fəaliyyət zamanı ərazi haqqında dolğun informasiyanın əldə edilməsi qoyulmuş məsələnin uğurlu həlli üçün olduqca böyük rol oynayır. O, Azərkosmos tərəfindən yerinə yetirilmiş layihələr, kosmik şəkillərin ayırdetmə dəqiqliyi, texniki imkanları haqqında və bu sahədə kadr hazırlığı barədə məlumat verib.

Daha sonra çıxış edən Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun baş direktoru Zakir Məmmədov, akademik Qərib Məmmədov mövzunun önəmini, təbiət elmlərinin inkişafında geodeziya, kartoqrafiya və kosmik informasiyanın rolunu diqqətə çatdırıblar.

Konfrans öz işini sabah yekunlaşdıracaq.

Xəbər lenti