Logo

Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi fəaliyyətini genişləndirir

15.10.2021 12:02 649 baxış
IMG

Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi (TİPİM) öz fəaliyyətini bir neçə istiqamətdə qurmuşdur. Bu istiqamətlərdən birincisi təhsil işçilərinin təlim ehtiyaclarının tədqiq edilməsidir. Təhsil işçilərinin peşə ehtiyaclarını müəyyənləşdirmək məqsədilə müxtəlif hədəf qrupları ilə sorğular keçirilir və təlim proqramlarının hazırlanmasında sorğu vasitəsilə toplanılan məlumatlardan istifadə olunur. 2020-ci ildə iki  adda “Müəllimin elektron özünüqiymətləndirmə vərəqi” və  “Məktəb rəhbərlərinin müəllimi elektron qiymətləndirmə vərəqi” adlı qiymətləndirmə vasitələri TİPİM-in rəsmi veb-səhifəsində yerləşdirilmiş və  təhsil idarələrinə/şöbələrinə göndərilərək məlumatlar toplanılmışdır. “Müəllimin elektron özünüqiymətləndirmə vərəqi” adı ilə keçirilən sorğuda ölkə üzrə 40298 müəllim iştirak etmiş, “Məktəb rəhbərlərinin müəllimi elektron qiymətləndirmə vərəqi” vasitəsilə keçirilən sorğuda 21130 məktəb rəhbəri müəllimi qiymətləndirmişdir. Keçirilmiş qiymətləndirmə sorğularının nəticələrinin təhlili aparılmış və müəllimlərin peşə ehtiyacları müəyyən edilmişdir. 2021-ci ildə ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəb direktorlarının təlim ehtiyaclarının öyrənilməsi məqsədilə keçirilən sorğuda 2400 nəfərdən çox məktəb direktoru iştirak etmişdir. İbtidai siniflərdə riyaziyyat və Azərbaycan dili fənnini tədris edən müəllimlər üçün sorğuda isə 10000 nəfərdən çox müəllim iştirak etmişdir. Toplanmış məlumatlar ixtisasartırma proqramlarının təkmilləşdirilməsi və ehtiyaclara uyğunlaşdırılması üçün istifadə olunmuşdur.

Növbəti istiqamət təhsil işçilərinin peşəkarlıq səviyyəsinin artırılması üçün əlavə təhsil proqramlarının hazırlanmasıdır. Müəyyən edilmiş peşə ehtiyacları əsasında təhsil işçilərinin peşəkar inkişafını təmin etmək məqsədilə son dövrdə “Riyaziyyat fənninin tədrisi metodikası”, “Tarix fənninin tədrisi metodikası”, “Musiqi fənninin tədrisi metodikası”, ibtidai təhsil səviyyəsində “Yazı işinin qiymətləndirilməsi metodikası”, ümumi orta təhsil səviyyəsində  “Yazı işinin qiymətləndirilməsi metodikası”, “Məktəbəhazırlıq qruplarında inkişafetdirici mühitin təşkili”, “Məktəbdə sağlam-emosional mühitin formalaşdırılması”, “Uşaq psixologiyasının əsasları”, “Mətn üzrə işin təşkili metodikası”, “Metodik kabinetlərin fəaliyyətinin təkmilləşdirilməsi”,  “Məktəb fəaliyyətinin  təşkili və planlaşdırılması”, “Məktəb idarəetməsinin əsasları”, “Müasir öyrənmə nəzəriyyələrinin tədris prosesinə tətbiqi”, “Distant təhsilin təşkili metodikası” kimi ixtisasartırma proqramları hazırlanmışdır.

Təhsil işçiləri üçün ixtisasartırma təlimlərinin təşkili istiqamətində əlavə təhsil müəssisələri ilə əməkdaşlıq şəraitində fəaliyyətlər həyata keçirilir. Yerlərdə metodist hazırlığı, Rayon (şəhər) Təhsil Şöbələri (İdarələri) əməkdaşlarının bilik və bacarıqlarının inkişafı, məktəb  direktorlarının, müəllimlərin peşəkar inkişafının müxtəlif ixtisasartırma proqramları vasitəsilə təmin edilməsi məqsədilə ixtisasartırma təlimlərinin keçirilməsinə nəzarət olunur. Əlavə təhsil müəssisələri tərəfindən keçirilən ixtisasartırma təlimi proqramlarının yoxlanması, təlimlərin monitorinqi və təlim iştirakçılarının yekun qiymətləndirilməsi təşkil edilir. Bu il  qiymətləndirmənin nəticələrinə uyğun təqdim olunan sertifikatların elektronlaşdırılması ilə bağlı işlər görülür və sertifikatlar haqqında məlumatlar Ümumi Təhsil İnformasiya Sistemində yerləşdirilməyə başlamışdır.

Əyani və distant şəkildə təşkil olunan ixtisasartırma təlimlərinin monitorinqinin aparılması üçün tərtib olunmuş  monitorinq vərəqləri Mərkəzin rəsmi veb-səhifəsində yerləşdirilmişdir. İxtisasartırma təlimlərinin monitorinqi  həmin monitorinq vərəqləri əsasında aparılır.

Metodik kabinet əməkdaşlarının  bilik və bacarıqlarının artırılması da fəaliyyət sahələrindən biridir. Təlim ehtiyaclarının müəyyənləşdirilməsi üçün sorğu vasitəsilə metodik kabinet əməkdaşlarının qiymətləndirilməsi aparılmışdır. Onlayn formada keçirilən sorğuda 300 əməkdaş iştirak etmişdir.

Metodistlər üçün keçirilən sorğu təhlil edilmiş və müəyyən olunmuş ehtiyaclar əsasında “Yerlərdə metodist hazırlığı məqsədilə müəllimlərin metodik bilik və bacarıqlarının inkişafı üzrə ixtisasartırma təlimi” adlı 24 akademik saatlıq ixtisasartırma proqramı hazırlanmışdır.

BMT-nin Uşaq Fondu (UNICEF) və ARTİ-nin əməkdaşlığı çərçivəsində Qarabağ münaqişəsindən zərər çəkmiş cəbhəyanı ərazilərdə yaşayan müəllim və psixoloqlar üçün aşağıda adları qeyd olunan təlimlərə başlanılmışdır. Təlimlər cəbhəyanı ərazilərdən Ağdam, Ağcabədi, Bərdə, Naftalan, Tərtər, Tovuz və Füzuli rayonlarını əhatə edir. “Əsas sosial emosional bacarıqların inkişafı” mövzusunda 18 akademik saatlıq onlayn təlim kursunda 3000 müəllim iştirak etmişdir. Münaqişədən əziyyət çəkmiş bölgələrdən olan məktəb psixoloqları üçün 18 akademik saatlıq onlayn təlim kurslarında 300 psixoloq iştirak etmişdir. “Əsas həyat bacarıqları” mövzusunda üç rayonu əhatə edən 200 müəllimə 12 akademik saat təlim və onların köməyi ilə həmin rayonların (Ağdam, Bərdə, Tərtər)  1186 şagirdinə eyniadlı 6 akademik saatlıq məşğələ keçirilmişdir.

Yerli və beynəlxalq mənbələrə istinadən təhsilverənlər üçün müxtəlif adlarda materiallar  hazırlanmış və ya tərcümə edilmişdir. Materiallar ARTİ-nin və TİPİM-in rəsmi veb-səhifəsi və sosial şəbəkə hesablarında yerləşdirilmişdir.

Onlayn təhsilin təşkili və həyata keçirilməsinə nəzarət haqqında video təlimat hazırlanmışdır.

Bir neçə ildir ki,  TİPİM-in uğurla həyata keçirdiyi “Peşəkar ol” layihəsi pedaqoji istiqamətli ali təhsil müəssisələrinin yuxarı kurs tələbələri ilə aparılan fəaliyyətləri əhatə edir. Layihənin məqsədi  yeniliyə açıq və multifunksional təhsil işçiləri formalaşdırmaqda ali təhsil müəssisələrinə dəstək göstərməkdir.

Mərkəzin onlayn və oflayn formada həyata keçirdiyi “Refleksiv müəllim” layihəsi müəllimlərin dərindən maraq göstərdikləri fəaliyyətlərdən biridir. Layihənin məqsədi birlikdə hazırlanmış uğurlu dərs icmallarından yararlanma təcrübəsini müəllimlər arasında təbliğ etmək, müəllimlərdə keçdikləri dərsə müxtəlif rakurslardan baxmaq bacarığını formalaşdırmaq, konstruktiv dərs müzakirələrinin modelini təqdim etmək, istənilən dərsi daha uğurlu tədris etmək imkanlarının sonsuz, “ideal dərs” anlayışının isə nisbi olduğunu göstərməkdir.

TİPİM 2021-2022-ci tədris ilinin əvvəlindən etibarən öz layihələrini uğurla davam etdirir.

Nəzakət MEHDİYEVA,

ARTİ-nin Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin direktoru

Xəbər lenti