Azərbaycan və Ruanda arasında təhsil sahəsində geniş əməkdaşlıq imkanları var. Ruanda prezidenti Pol Kaqamenin ölkəmizə səfərində digər sahələrdə olduğu kimi, təhsil sahəsində də əlaqələrin prioritetliyindən bəhs olunub.
TƏHSİL.BİZ xəbər verir ki, Prezident İlham Əliyev ruandalı həmkarı ilə görüşdən sonra mətbuata bəyanatında bu məsələyə də toxunub:
“Məmnunuq ki, Heydər Əliyev Fondunun ölkənizdə təhsil proqramlarını dəstəkləmək şansı oldu. Yeri gəlmişkən düşünürəm ki, bu sahə ikitərəfli münasibətlərimizdə prioritetlərimizdən biri olmalıdır. Mən cənab Prezidentin səfərindən əvvəl bəzi məlumatlara baxdım və gördüm ki, Azərbaycanda Ruandadan cəmi bir tələbə təhsil alır. Hesab edirəm ki, biz tələbələrin sayını artırmaq üçün birgə işləyə bilərik”.
Qeyd edək ki, sentyabrın 20-də Azərbaycan Respublikası ilə Ruanda Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin iştirakı ilə mübadiləsi mərasimi olub. “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”i, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Ruanda Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”i, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Ruanda Respublikasının Kənd Təsərrüfatı və Heyvan Ehtiyatları Nazirliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ruandanın Xarici İşlər Nazirliyinin Regional Əməkdaşlığa məsul Dövlət naziri James Kabarebe mübadilə ediblər.