Logo

AMEA-nın Naxçıvan Bölməsində yeni çapdan çıxmış iki kitabın təqdimatı keçirilib

15.04.2024 11:33 145 baxış
IMG

AMEA-nın Naxçıvan Bölməsində yeni çapdan çıxmış iki kitabın təqdimatı baş tutub.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib

Tədbiri giriş sözü ilə açan Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev əvvəlcə birlik və bərabərlik rəmzi olan müqəddəs Ramazan bayramı münasibətilə Bölmə kollektivini təbrik edib, xoş arzularını çatdırıb.

İsmayıl Hacıyev təqdimatı keçirilən kitabların müəllifləri - professor Əbülfəz Quliyev və filologiya elmləri doktoru Fərman Xəlilovun səmərəli elmi fəaliyyətinə, araşdırmalarının ümumi mahiyyətinə nəzər salıb.

AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin tərtib etdiyi “Qütb Xarəzmi. Xosrov və Şirin” kitabı barədə danışan akademik bildirib ki, professor bundan öncə də çoxsaylı elmi kitab və monoqrafiyalarla bərabər, tərcüməçilik fəaliyyəti ilə məşğul olmuş, Orta əsrlərə aid bəzi əsərləri ana dilimizdə oxuna bilməsi üçün transkripsiyada oxuculara təqdim etmişdir.

Əlyazmalar Fondunun direktoru filologiya elmləri doktoru Fərman Xəlilovun “Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər” adlı dördüncü kitabı haqqında fikirlərini bölüşən bölmə sədri qeyd edib ki, əsər 2017, 2019 və 2021-ci illərdə işıq üzü görən üçcildliyin davamıdır. Kitabda Fərman Xəlilovun Naxçıvanın elmi, ədəbi və mədəni mühitindən bəhs edən məqalələri, müsahibələri yer alıb.

Çıxışının sonunda İsmayıl Hacıyev müəllifləri təbrik edib, gələcək işlərində uğurlar arzulayıb.

Daha sonra İncəsənət, Dil və Ədəbiyyat İnsitutunun şöbə müdiri, filologiya elmləri doktoru, dosent Nuray Əliyeva “Qütb Xarəzmi. Xosrov və Şirin” kitabı haqqında bir neçə söz” başlıqlı məruzə edib.

Məruzəçi bildirib ki, Nizami Gəncəvidən sonra “Xosrov və Şirin” mövzusunda fars və türk ədəbiyyatında altmışa yaxın əsər, nəzirələr yazılıb, ayrı-ayrı müəlliflər tərəfindən tərcümə edilib. Bu tərcümələr içərisində ən qədimi XIV əsrdə Qızıl Orda şairi tərəfindən türkcəyə tərcümə edilmiş variantdır. Əbülfəz Quliyevin Azərbaycanda indiyə qədər çap olunmamış bu əsərə müraciət etməsi, onu Azərbaycan oxucusuna təqdim etməsi həm dilçilik, həm də ədəbiyyatşünaslıq sahəsinin tədqiqatçıları üçün əhəmiyyətlidir.

Nuray Əliyeva diqqətə çatdırıb ki, “Xosrov və Şirin”in sözügedən tərcüməsinin tək nüsxəsi Paris Milli Kitabxanasında saxlanılır. Bu əlyazma bir neçə dəfə müxtəlif ölkələrdə, o cümlədən Türkiyədə nəşr olunsa da, həmin nəşrlərdə bir sıra qüsurlar özünü göstərir. Professor Əbülfəz Quliyev öz nəşrində həmin qüsurların aradan qaldırılmasına çalışıb. Mətnin transkripsiyasında türk dillərinin qədim xüsusiyyətləri, onlara məxsus səs birləşmələri mühafizə olunub. Sonda isə əsərdə işlənən köhnəlmiş sözlərin lüğəti təqdim olunub.

Daha sonra bölmənin aparatının Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultanın “Naxçıvanın elmi, ədəbi və mədəni mühiti aktuallığını itirməyən elmi tədqiqat obyekti kimi” mövzusunda məruzəsi dinlənilib.

Tədqiqatçı bildirib ki, AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru filologiya elmləri doktoru Fərman Xəlilov 50 ildən artıq elmi-pedaqoji fəaliyyətini Azərbaycan ədəbiyyatşünaslığının aktual problemlərinə həsr etmişdir.

“Fərman müəllimin müstəsna xidmətlərindən biri də Əlyazmalar Fondunda çoxsaylı nadir əlyazma və çap kitablarının düzgün komplektləşdirilərək elmi mühitin səmərəli istifadəsi üçün qorunub saxlanmasını təşkil etməsi, tədqiq etdiyi bu nadir inciləri kütləvi nəşr etdirib elmi ictimaiyyətə çatdırmasıdır”, - deyən məruzəçi “Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər” seriyasından olan kitablarının əhəmiyyətindən danışıb.

Vurğulanıb ki, kitab Naxçıvanın elmi, ədəbi və mədəni mühitinin tədqiqinin aktuallığını ortaya qoyan qiymətli töhfədir. XX əsr və XXI əsrin ilk onilliklərində Naxçıvanın elmi, ədəbi və mədəni mühiti ilə bağlı mühüm elmi-ictimai əhəmiyyəti olan məsələlər əsərdə azərbaycançılıq ideologiyası konteksində, Azərbaycan elminin, ədəbiyyatının, mədəniyyətinin ayrılmaz hissəsi kimi tədqiq və təqdim edilir.

Kitabla tanışlıq deməyə əsas verir ki, Naxçıvan tarixən maarifçilik hərəkatının beşiyi olduğu kimi, Azərbaycan elminin, mədəni və ədəbi mühitinin də əsas inkişaf ocaqlarındandır. Mahiyyətinə görə yeni əsər Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyinə qiymətli elmi töhfə sayıla bilər.

Daha sonra AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və filologiya üzrə fəlsəfə doktoru dosent Aytən Cəfərova kitablarla bağlı çıxış ediblər.

Sonda çıxış edən müəlliflər ürək sözlərini tədbir iştirakçıları ilə bölüşüb, fəaliyyətlərinə göstərilən diqqətə görə minnətdarlıq ediblər.

Xəbər lenti