“Elm və Təhsil Nazirliyi müxtəlif sahələrdə, o cümlədən informasiya texnologiyaları sahəsində bir sıra ölkələrlə əməkdaşlıq edir. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri ilə süni intellekt və təhsildə müasir texnologiyaların tətbiqi istiqamətində əməkdaşlıq həyata keçirilir. Yaxın vaxtlarda Çin Xalq Respublikası ilə birlikdə data mərkəzi açılacaq və Naxçıvan Muxtar Respublikasının daxili təhsil şəbəkəsi fəaliyyətə başlayacaq. Naxçıvandakı bütün məktəblər vahid idarəetmə sisteminə qoşulacaq”.
TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “CBC Azərbaycan” kanalında yayımlanan “Устойчивость и развитие” verilişində səsləndirib.
O bildirib ki, nazirlik bir sıra beynəlxalq korporasiyalarla da sıx tərəfdaşlıq münasibətləri qurub: “Tərəfdaşlarımız arasında “Microsoft”, “Cisco” və “Huawei” kimi şirkətləri xüsusilə qeyd edə bilərəm. Biz onlarla təhsil sahəsində rəqəmsal infrastrukturun yaradılması, eləcə də ən yeni texnologiyaların tətbiqi üzrə qabaqcıl təcrübələrin öyrənilməsi istiqamətində əməkdaşlıq edirik”.
V.Xanlarov qeyd edib ki, Koreya Respublikası ilə birlikdə həyata keçirilən layihə yekunlaşıb və nazirlik bir çox ölkələrlə həm danışıqlar, həm də aktiv birgə layihələr aparır.