Lənkəran Dövlət Universitetində (LDU) tarix üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanovun həmmüəllifi olduğu “XIX əsr İrəvan mətbəxi” kitabının təqdimat mərasimi keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, tədbiri LDU-nun tədris məsələləri üzrə prorektoru vəzifəsini icra edən dos. Zaur Məmmədov açaraq nəşr olunmuş yeni kitabı təkcə Azərbaycan mətbəxinin deyil, milli-mənəvi dəyərlərinin, milli yaddaşının salnaməsi kimi dəyərləndirib, bu salnaməni tarixləşdirən Tahir Əmiraslanova maraqlı tədqiqat işinə, nəfis tərtibatlı kitaba görə minnətdarlıq bildirib.
Kitabın həmmüəlliflərindən biri, tarix üzrə fəlsəfə doktoru Tahir Əmiraslanov çıxışında kitabın ərsəyə gətirilməsi istiqamətində üzləşdikləri çətinliklərdən, bu işin Azərbaycan milli-mədəniyyət tarixi üçün əhəmiyyətindən danışıb, Azərbaycan mətbəxinin dünyada tanıdılması kimi şərəfli missiyanı bundan sonra da davam etdirəcəyini deyib.
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru dos. Mehman Əliyev, LDU-nun Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dos. Kamal Mahmudov çıxışlarında kitabın bədii və mənəvi dəyərlərindən söz açıblar.
Tədbir iştirakçıları Azərbaycan milli mətbəxini özündə əks etdirən rəsm əsərlərinə baxış keçiriblər. Sonra kitabın imzalanma mərasimi olub. Qeyd edək ki, müəlliflər tərəfindən LDU-nun Elmi katabxanasına və tədbir iştirakçılarına kitablar hədiyyə edilib.