Logo

Həsirçi: "Bu əl işlərinə maraq həddindən artıq azdır" - FOTO

13.04.2024 19:57 143 baxış
IMG

Ökəmizdə hələ ta qədimdən təşəkkül tapmış xalq sənəti növlərindən biri də həsirçilik sənətidir. Hazırda unudulmaq üzrə olan bu sənət Azərbaycanın cənub bölgəsində davam etdirilir.

Tehsil.biz AZƏRTAC-a istinadən xəbər verir ki, cənub bölgəsində həsirçiliyin inkişafı buranın iqlim şəraiti ilə bağlı olub. Çünki buranın havası nəmli olduğundan rütubətdən qorunmaq üçün ən yaxşı vasitələrdən biri həsir sayılır.

Qamışdan təkcə həsir deyil, eyni zamanda, məişətdə istifadə olunan müxtəlif növ ev əşyaları da hazırlanır.

Lənkəranda bu qədim sənət növü ilə məşğul olanlardan biri rayonun Vilvan kənd sakini Xalidə İsmayılovadır.

Xalidə xanım ixtisasca müəllim olmasına baxmayaraq, həsirin lığ adlı növünü ətraf kəndlərdən toplayır. Qurutma prosesi başa çatdıqdan sonra toplanmış həsirdən zənbillər, digər müxtəlif məişət əşyaları hazırlanır. Həsirçilik Xalidə xanımın ailəsinin əsas gəlir mənbəyidir. Buna görə də o, hər zövqə uyğun həsir səbətlər, zənbillər, dibçəklər və mətbəx əşyaları hazırlayıb satır.

“Əvvəllər bu sənəti öyrədənlər də çox idi, öyrənənlər də. İndi isə belələrini ancaq barmaqla saymaq olar. Pensiyaya çıxdıqdan sonra sevdiyim peşə olan həsirçiliklə məşğul olmağa qərar verdim. Daha sonra bu sənətin unudulmaq üzrə olduğunu görüb xanımlardan ibarət icma yaratdıq. 10-a yaxın üzvü olan icmamız artıq üç ildir fəaliyyət göstərir. Hazırda ən çox - zənbil, papaq, qadın çantası, meyvə və çörək qabları və məişətdə lazım olan digər əşyalar toxuyuruq. Hazırladığımız əşyaları əsasən, orta təbəqənin adamları alır. Amma buna baxmayaraq Lənkərana gələn turistlər də bu əl işlərindən alıb öz ölkələrinə aparırlar” – deyə həsirçi bildirir.

Xalidə xanım deyir ki, bu əşyaların əsas özəlliyi rütubət olan evlərdə sağlamlığı qorumasıdır. Yəni hansı evdə bu əşyalardan varsa, o evdə nəm olmur: “Bu əl işləri insan orqanizmi üçün çox xeyirlidir, əgər insanlar bu məhsulların xeyrini bilsələr, ondan daha çox istifadə edərlər”.

Onun sözlərinə görə, bu zənbillərin əsas özəlliyi odur ki, onlarda ərzaq məhsulları xarab olmadan uzun müddət qala bilir. Çünki həsir toxunan qamış çubuqların içərisi boş olduğundan orada havanın temperaturu sabit qalır, buna görə də ərzaq və meyvə təravətini saxlaya bilir.

“Bu məhsulların bu cür özəlliyi olsa da, satışlarında çox əziyyət çəkirik. Çünki, bu əl işlərinə maraq həddindən artıq azdır. Ona görə də icmamız dağılmaq üzrədir. Bu icmanın yaşaması üçün, daha da gözəl məhsulların ərsiyə gəlməsi üçün “ABAD”dan dəstək istəyirəm. Çünki “ABAD” unudulmaqda olan sənət növlərini önə çəkir, bizim kimi sənətkarları qurub-yaratmağa həvəsləndirir”, - deyir Xalidə xanım.

Əziyyətlə başa gələn zənbillərin satış qiymətlərinə gəlincə, ölçüsündən asılı olaraq 7-15 manat arası dəyişir. Hazırlanan çanta, papaq və digər məhsullar isə alıcılara 5-10 manata təklif edilir.

Xəbər lenti