Logo

Azərbaycanlı tələbə Minnesota Dövlət Universiteti üçün marş bəstələyib - FOTO

06.07.2023 22:21 314 baxış
IMG

Minnesota Dövlət Universitetində təhsil alan Şəmsi Tağıyev “Minnesota State University, Mankato” Marş Orkestrinin rəsmi marşı müsabiqəsinin qalibi olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Tehsil.biz"ə bildirilib ki, bu marş payız mövsümündən etibarən Minnesota Dövlət Universitetinin kampusunda və Mankato şəhərində keçiriləcək hər bir idman oyunundan öncə səsləndiriləcək. “Marşın yazılması məqsədilə universitet daxilində film bəstəkarlığı fakültəsinin və digər musiqi fakültəsinin tələbələri arasında müsabiqə keçirildi. Mən də marşın demo versiyasını yazıb göndərdim. Bəstəm bəyənildi və seçildi. Bu marşı Minnesota Dövlət Universitetinin Orkestri iştirak etdiyi hər tədbirdə, oyunlarda və bayramlarda canlı şəkildə ifa edəcək”, - deyə Şəmsi Tağıyev bildirib.

Qeyd edək ki, istedadlı gənc soydaşımız bundan öncə Bakıda çəkilən “Tarix” (“The Date”) animasiya filminə musiqi bəstələyib. İkinci Qarabağ müharibəsindən sonra hazırlanmış bu ilk animasiya filminin təqdimatı 2 avqust 2022-ci ildə Azərbaycan Kinosu Günü münasibətilə Heydər Əliyev Mərkəzinin qarşısında baş tutub. Film Bakıda keçirilən V “Animafilm International Animation Festival”ında, Hindistanda XIX “Aakruti-My Creation International Film Festival”ında və Filippində keçirilən “Batangas Balisong Film Festival”ında uğurla iştirak edib, Qazaxstanın “Altın Saka” III beynəlxalq animasiya film festivalında III yerə layiq görülüb.

Əslən Ağdamdan olan müəllim ailəsində Mingəçevir şəhərində dünyaya gələn Şəmsi Tağıyev Bakıdakı Azəf Zeynallı adına Musiqi Kollecini skripka ixtisası üzrə bitirib. Ölkəmizdə kino sahəsində çalışdıqdan sonra təhsilini ABŞ-da film musiqisi bəstəkarlığı, musiqi biznesi və film rejissorluğu ixtisasları üzrə davam etdirmək qərarına gəlib. Babası Neftun Tağıyev vaxtilə Mingəçevir Dövlət Dram Teatrının aktyoru olub və “Qəzəlxan” filmində çəkilib.

​​​​​​

Xəbər lenti