Logo

ARGTMŞ Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər keçirib - FOTOLAR

28.05.2024 19:16 139 baxış
IMG

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 28 May – Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirib.

ARGTMŞ-dən "Tehsil.biz"ə bildiriblər ki, gənclər təşkilatlarının nümayəndələri və tələbələrin iştirakı ilə Fəxri xiyabana və Şəhidlər xiyabanına, Bakı Türk Şəhidliyi abidəsinə yürüş təşkil olunub.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad olunub, abidəsi önünə gül dəstələri düzülüb.

Daha sonra Şəhidlər xiyabanı və Bakı Türk Şəhidliyi abidəsi ziyarət edilib.

Bundan sonra gənclər təşkilatlarının rəhbərləri İstiqlal bəyannaməsi abidəsini ziyarət edib.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Milli Azərbaycan Tarixi Muzeyində 28 May – Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilib. Tədbir zamanı milli istiqlal tariximizin şanlı səhifəsi, müsəlman şərqində ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, həmin dövrdə aparılan islahatlar və baş verən tarixi proseslər haqqında danışılıb. Həmçinin qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda növbəti dəfə hakimiyyətə gəlməsi ilə müstəqil Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yarandı və elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesinə başlandı.

ARGTMŞ-nin təşkilatçılığı ilə Müstəqillik Gününə həsr olunmuş panel müzakirələr də baş tutub. Tarixçi alimlərin, hərbi veteranların və gənclərin iştirakı ilə keçirilən müzakirələr zamanı Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, həmçinin, şərqdə ilk demokratik dövlətin yaranmasında misilsiz töhfələri olan qəhrəmanlarımızın həyat və fəaliyyəti haqqında müzakirələr edilib.

Bundan başqa, ARGTMŞ-nin təşkilatçılığı ilə “Tarixi mirasın təbliği” adlı ekskursiya təşkil edilib. Ekskursiya zamanı gənclərə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, demokratik dövlət yaratmaq uğrunda mübarizə, bu müddət ərzində qarşıya çıxmış çətinliklər və mübarizə üsulları haqqında məlumat verilib. Həmçinin, Azərbaycanın zəngin tarixini özündə ehtiva edən memarlıq abidələri ziyarət olunub.

Xəbər lenti