Logo

“Azərbaycan şərqşünaslıq elminin akademik Həmid Araslı mərhələsi” mövzusunda elmi sessiya keçirilib

22.02.2024 18:07 231 baxış
IMG

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda akademik Həmid Araslının 115 illiyinə həsr olunmuş “Azərbaycan şərqşünaslıq elminin akademik Həmid Araslı mərhələsi” mövzusunda elmi sessiya keçirilib. 

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, elmi sessiyanı açan institutun direktoru akademik Gövhər Baxşəliyeva akademik Həmid Araslının XX əsr Azərbaycanın elmi və ədəbi-ictimai həyatında aparıcı mövqeyə malik şəxsiyyətlərdən biri olduğunu söyləyib. Qeyd edib ki, akademik Həmid Araslı orta əsrlər Azərbaycan ədəbiyyatının bir çox naməlum və ya az tanınan simaları və bədii nümunələri haqqında ilk araşdırıcı sözü deyib, öz elmi-nəzəri mülahizələri, üzə çıxardığı yeni materiallar, mənbələrə orijinal yanaşma və özünəməxsus düşüncə tərzi ilə sələflərinin ənənələrini inkişaf etdirərək yeni bir ədəbi məktəbin əsasını qoyub. Şərq xalqlarının ədəbi-bədii fikir tarixinə, qədim türk, fars, ərəb dillərinə yaxşı bələd olan, ümumşərq mədəniyyəti ilə yaxından tanış olan alim dərsliklərində də klassik şerimizin incəliklərinin elmi-nəzəri şərhinə xüsusi diqqət yetirib, nəsilləri türkçülük ruhunda tərbiyələndirmək, soy-kökümüzlə bağlı məsələləri doğru-düzgün şərh etmək üçün əlindən gələni əsirgəməyib.

Diqqətə çatdırılıb ki, Həmid Araslı bir mətnşünas alim kimi də çox məhsuldar olub və onun bu sahədəki fəaliyyəti mətnşünaslıq elmimizdə ayrıca bir mərhələ təşkil edir. Görkəmli alim onlarla monoqrafik tədqiqatın, 500-ə qədər elmi məqalə, 60-dan artıq tərtib və çoxsaylı dərslik və dərs vəsaitlərinin müəllifidir. 

Akademik G.Baxşəliyeva Həmid Araslının 1970-ci ildən 1981-ci ilədək Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində çalışdığın xatırladaraq, onun şərqşünaslıq elminin tərəqqisi, institutun keçmiş SSRİ-də müvafiq elmi müəssisələr arasında ön sıraya çıxması, ittifaq və xarici ölkələrin şərqşünaslıq mərkəzləri ilə elmi əlaqələrinin möhkəmlənməsi və genişlənməsi üçün qüvvə və bacarığını əsirgəmədiyini qeyd edib. Bildirib ki, məhz onun rəhbərliyi altında institutda müasir türk ədəbiyyatında mütərəqqi meyillər, orta əsrlər ərəbdilli Azərbaycan ədəbiyyatı, müasir türk ədəbiyyatında realizm, Azərbaycanın Şərq ölkələri ilə tarixi-mədəni əlaqələri, Nizami yaradıcılığının İran ədəbiyyatına təsiri və sair mövzularda dəyərli tədqiqatlar aparılıb. 

Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Ruhəngiz Cümşüdlü elmi sessiyada “Akademik Həmid Araslı və Azərbaycan klassik ədəbi irsi” mövzusunda məruzə söyləyib. Məruzəçi bildirib ki, Azərbaycan ədəbiyyatı tarixini sistemli şəkildə öyrənən akademik Həmid Araslı Firidun bəy Köçərlidən sonra yazılmış ilk mükəmməl Azərbaycan ədəbiyyatı tarixinin yaradıcısıdır. O, Nizami, Nəsimi, Xətai, Füzuli kimi çoxsaylı klassiklərimizin əsərlərini üzə çıxararaq bu müəllifləri və əsərlərini ədəbiyyat tariximizə daxil edib. R.Cümşüdlü akademikin türkdilli Azərbaycan ədəbiyyatının təşəkkülündə mühüm rol oynamış Qazi Bürhanəddin, Kişvəri, Saib Təbrizi və digər şairlərin yaradıcılığını dərindən araşdırdığını və onların poetik irsini Azərbaycan ədəbiyyatı tarixi kontekstində dəyərləndirdiyini qeyd edib.

Elmi sessiyada, həmçinin institutun İran filologiyası şöbəsinin müdiri dosent Günay Verdiyevanın “Həmid Araslı və ədəbi əlaqələr”, Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi Lalə Mikayılzadənin “Həmid Araslının Azərbaycan folklorşünaslığına dair tədqiqatları” mövzusunda məruzələri dinlənilib. 

Daha sonra məruzələr ətrafında müzakirələr aparılıb.

Sonda akademik Həmid Araslının qızı AMEA-nın müxbir üzvü Nüşabə Araslı çıxış edərək, atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə Şərqşünaslıq İnstitutunun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.

Xəbər lenti