ADU-nun Magistratura şöbəsi və Regionşünaslıq kafedrası “QARABAĞI TANIDAQ” layihəsi çərçivəsində “Mehmandarovlar” adlı dəyirmi masa keçirib.
Regionşünaslıq kafedrasının müdiri, Dos. Sevdagül Əliyeva tədbiri açaraq bildirib ki, Mehmandarovlar şəcərəsi Qarabağ hakimi İbrahimxəlil xanın dövründən, onun yanında qonaqların qəbul edilməsi ilə əlaqədar Mehmandar vəzifəsini yerinə yetirən Mirzə Əli bəydən başlayıb. Mehmandarovlar nəsli Azərbaycana çox məhşur insanlar təqdim eləyib və bu gün də təqdim etməkdədirlər.
Regionşünaslıq kafedrasının müəllimi Səbinə Muradova “Mehmandarovlar şəcərəsi” haqqındakı çıxışında Mehmandarovlar nəslinin ilk nümayəndəsi Mirzə Əli bəy, onun 3 oğlu Mirzə Həsən bəy, Mirzə Sadıq bəy, Mustafa bəy və onların övladları, nəvələri, nəticələri haqqında məlumat verib.
Magistratura şöbəsinin skandinaviyaşünaslıq ixtisası üzrə II kurs magistrantı Rasim Həsənov “ADR -in Hərbi Naziri Səməd bəy Mehmandarov”- adlı çıxışında Səməd bəy Mehmandarovun təhsili, çar ordusu, ADR dövrü və Sovet Azərbaycanı dövründəki fəaliyyəti haqqında danışıb.
Şuşa qəzetinin redaktoru, “Mehmandarovlar” bioqrafik kitabının müəllifi yazıçı, jurnalist Vasif Quliyev çıxış edərək, göstərilən kitab üzərində 43 ildən çox işlədiyini bildirib. Vasif müəllim kitab üçün arxivlərdən materialların, şəkillərin toplanması, Mehmandarovları tanıyanlardan və bilavasitə bu nəslin davamçılarından aldığı maraqlı, məlum olmayan məlumatlardan danışıb.
Tədbirin qonağı Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru Mehmandarovlar nəslinin davamçısı, bu soyadın VI nəslinin nümayəndəsi Mustafa Mehmandarov çıxış edib. O, Səməd bəy Mehmandarov, Mehmandarovlar ailəsinin müxtəlif münayəndələri, öz təhsili və fəaliyyəti haqqında qısa məlumat verib.
Tədbirdə Səməd bəy Mehmandarovun qardaşı Baba bəyin iki nəvəsi Maral və Mahfuza xanımlar da iştirak ediblər. Onlar Səməd bəy haqqında ailə üzvlərinin danışdığı xatirələr haqqında iştirakçılara məlumat veriblər.
ADU-nun Magistratura şöbəsinin magistrantları və Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin tələbələri Mehmandarovlar nəsli haqqında Vasif müəllimə və Mustafa Mehmandarova çox sayda suallar veriblər.
Tədbirin gedişində Regionşünaslıq kafedrasının müəllimi Aygün Soltanzadə müxtəlif slayd və videomaterialların nümayişini də təqdim edib.