Logo

18 May - Beynəlxalq Muzeylər Günüdür

18.05.2021 13:09 811 baxış
IMG

Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü qeyd edilir.

 

Beynəlxalq Muzeylər Günü 1977-ci ildə Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını nümayiş etdirməkdir. Azərbaycanda da Beynəlxalq muzeylər günü qeyd edilir.

 

Ötən əsrin 30-cu illərindən etibarən ölkəmizdə müxtəlif təmayüllü - dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq, teatr muzeyləri yaradılıb. Sonrakı illərdə Azərbaycanda yeni muzeylər fəaliyyətə başlayıb.

 

XX əsrin əvvəllərində isə Bakıda, xalq məktəbləri müdiriyyəti nəzdində pedaqoji, həmçinin Ümumrusiya Texniki Cəmiyyətinin Bakı şöbəsi nəzdində qapalı muzeylər yaradılıb. Azərbaycanda dövlət səviyyəsində 1919-cu ildə - Xalq Cümhuriyyətinin dövründə təməli qoyulmuş ilk milli muzey 1920-ci ildən Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyət göstərib.

 

Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlamışdır. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılmışdır.

 

Ümummilli lider Heydər Əliyev tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.

 

Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilib.

 

Ümummilli Liderimizin siyasi irsinin öyrənilməsi, azərbaycançılıq məfkurəsinin  inkişaf etdirilməsi məqsədilə yaradılan Heydər Əliyev muzeyləri isə respublikada muzey şəbəkəsinin genişləndirilməsi sahəsində mühüm hadisə kimi qiymətləndirilməlidir.

 

Bu gün universitet muzeylərinin əhəmiyyəti, onun  təhsil və elmlə birgə vəhdəti gələcək nəsillərin tariximizə və mədəni irsimizə bağlılığında vacib faktorlardandır.  Bu gün ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl ali məktəblərinin əksəriyyətində muzey ənənələrinin inkişafı fərəhləndiricidir.  Bildiyimiz kimi, ölkəmizdə 200-dən çox muzey fəaliyyət göstərir və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla təbliğ edirlər.

 

Hazırda Bakı Dövlət Universitetində beş muzey fəaliyyət göstərir:

 

Ulu öndərin şəxsi razılığı ilə 1997-ci ildə yaradılmış, BDU-nun dünya şöhrətli məzunu və fəxri doktoru olan böyük şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən, tələbələr üçün son dərəcə tərbiyəvi, tədqiqatçılar üçün elmi əhəmiyyəti olan zəngin materiallar və tarixi sənədlər saxlanılan Heydər Əliyev muzeyidir.

 

BDU-nun tarixi muzeyi 1920-ci ildə fəaliyyətə başlayıb, görkəmli ziyalılar, alimlər haqqında sənədlər, qısa tarixi məlumatlar, müxtəlif dövrlərdə tədris prosesində və elmi araşdırmalarda istifadə olunan alət və avadanlıqlar, cihaz və qurğular, universitet həyatında baş verən əlamətdar hadisələri əks etdirən fotomateriallardan ibarətdir.

 

Tələbələrin “Geologiya” və “Geologiya mühəndisliyi” ixtisaslarına dərindən yiyələnmələri üçün mineralogiya, kristalloqrafiya, petroqrafiya, faydalı qazıntılar və digər sahələr üzrə mütəmadi zəngin kolleksiyalar, tematik sərgilər və ekspozisiyalar təşkil edilən, geoloji fənlərin məşğələ dərsləri keçirilən Geologiya fakültəsinin “Faydalı qazıntılar müzeyi” fəaliyyət göstərir.

 

“Təkamül muzeyi” ali və orta məktəblərin biologiya müəllimlərinin ixtisaslarını təkmilləşdirmə auditoriyasına çevrilmiş, peşəkar kadrların hazırlanmasında fəal “iştirak edən” muzey 1937-ci ildə təsis olunub.

 

1976-cı ildə yaradılmış zəngin osteoloji materiallar, gil məmulatları, Qafqaz Albaniyası, antik və orta əsrlərə aid nümunələr, eləcə də Azərbaycan məişətini, zəngin mədəni irsini əks etdirən “Arxeologiya və etnoqrafiya muzeyi” universitet muzeyləri ənənəsini yaşadan, tələbələr, müəllimlər və tədqiqatçıların bəhrələndiyi mədəniyyət ocaqlarındandır.

 

Tariximizi və mədəniyyətimizi yaşadan muzeylərə dövlət qayğısı ilə yanaşı, cəmiyyətin hər bir üzvünün diqqəti və yaradıcı münasibəti olduqca vacibdir. Bu cür münasibət xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanması və sabaha ötürülməsi, gənc nəslin düzgün tərbiyə olunması və vətənpərvərlik ruhunda formalaşması üçün möhkəm zəmin yaradır. Bakı Dövlət Universitetində fəaliyyət göstərən muzeylər də  gənc nəslin - tələbələrin elmi və sosial fəaliyyətinin tam təmin edilməsində mühüm rol oynamaqdadır.

Xəbər lenti