Logo

Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycan gəncliyi

14.05.2021 15:07 349 baxış
IMG

Bu gün - 10 may 2021-ci il Azərbaycan xalqının ümummilli lideri, gənclərin ən böyük dəstəkçisi, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü qeyd olunur. Ulu Öndər elə bir gün yoxdur ki, xatırlanmasın, yad edilməsin. Onun banisi olduğu Azərbaycançılıq ideologiyası ətrafında birləşən xalqımız dahi rəhbəri hər zaman yüksək ehtiramla yad edir. Ulu öndərin müstəqil Azərbaycanın memarı kimi  xalq qarşısındakı xidmətləri şanlı tariximizə əbədi həkk olunmuşdur. Bir çox sahələr kimi ölkəmizdə gənclər siyasətinin təməli məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur.

 

“Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” deyən Ulu Öndər sağlam düşüncəli gənc nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi. Bu vəzifənin icrası məqsədi ilə 1994-cü il iyulun 26-da müstəqil Azərbaycanda gənclər siyasətini həyata keçirilməsində mühüm rol oynayan dövlət qurumu - Gənclər və İdman Nazirliyi yaradılmış, gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafının, təhsili və peşə yönümünün, mütəşəkkil formada yetişdirilməsinin, dövlət quruculuğunda fəal iştirakının təmin edilməsi, gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində lazımi tədbirlər görülmüş, müxtəlif dövlət proqramları hazırlanmış və uğurla həyata keçirilmişdir.
 

1996-cı il fevralın 2-də Azərbaycan  gənclərinin Birinci Forumunun keçirilməsi ölkədə müstəsna əhəmiyyətə malik bir hadisə idi. Ulu Öndər Heydər Əliyevin şəxsən iştirak etdiyi Forum ölkəmizin qarşısında duran vəzifələrin reallaşmasında gənclərin fəal iştirak etməyə hazır olduqlarını göstərmiş və gənclərlə işin ciddi şəkildə canlanmasına səbəb olmuşdur. Müstəqil Azərbaycan gənclərinin ilk Ümumrespublika Forumunun keçirilməsi, 1997-ci ildə Ulu Öndərin təşəbbüsü ilə 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi, müvafiq dövlət proqramlarının qəbulu, "Dövlət gənclər siyasəti haqqında" Fərman və genişmiqyaslı fəaliyyət proqramının təsdiq edilməsi dahi şəxsiyyət və müdrik siyasi xadim Heydər Əliyevin rəhbərlik etdiyi ölkənin gənclərinə göstərdiyi xüsusi qayğının təzahürü idi.
Ümummilli Liderin uzaqgörənliyi və iradəsi sayəsində gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılması təmin edildi. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəldilən, onların fərdi qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərmişdir.
   

Bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə uğurla davam etdirilən gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni müstəviyə qədəm qoymuşdur. Bu siyasət gənc nəslin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı geniş məsələləri əhatə edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci elm, mədəniyyət, incəsənət, idman və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edirlər. 
   

Bu gün Ulu Öndərin ruhu şaddır. Çünki Azərbaycan qalib ölkədir. Bütün sahələrdə ölkəmiz inamla inkişaf yolunda irəliləyir. Məhz özünün müəyyənləşdirdiyi uğurlu gənclər strategiyasının nəticəsində 44 günlük vətən müharibəsində  Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu tarixi ədaləti bərpa edərək, xalqımıza unudulmayan sevinci yaşatdı, ərazi bütövlüyümüz bərpa etdi. Heydər Əliyev ideyaları daim Azərbaycanda yaşayacaq və yeni-yeni nailiyyətlərin qazanılmasında  təməl rolunu oynayacaqdır. 

 

Ramin Səmədov,


BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri

Xəbər lenti