Logo

Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanımızın xilaskarı və banisidir

10.05.2021 20:09 720 baxış
IMG

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətləri hər zaman xatırlanacaq. Ümummilli Liderin xalqımız, millətimiz, ən əsası da müstəqil Azərbaycanın çiçəklənməsi naminə gördüyü işlər hər zaman gələcək nəsillər üçün örnək olacaq. Çünki Ümummilli Lider Heydər Əliyev yaşadığı ömrün hər dəqiqəsini, hər anını Vətəninə, Azərbaycan xalqına həsr edib. 

 

Ulu Öndərin keçdiyi həyat yolu zamana və məkana sığmayacaq qədər genişdir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərini qeyd edərkən, öncə Onun 1969-1982-ci illərdə, sovet dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbərliyə gəlməsi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. Belə ki, məhz 1969-cu ilin iyulunda Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başlayıb. Onun təşəbbüsü ilə qısa vaxt ərzində şəhərlərimizdə mühüm sənaye müəssisələri inşa edilib, respublikanın təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilib. Respublikaya rəhbərlik etdiyi dövrdən etibarən Heydər Əliyev minlərlə azərbaycanlı gənci SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərib. Eyni zamanda, Heydər Əliyevin təşəbbüsü və uzaqgörən siyasəti nəticəsində bu gün gənclərin təhsil aldıqları xüsusi təyinatlı təhsil müəsissəsinin əsası 1971-ci ildə qoyulub. Belə ki, Ümummilli Lider sovet hakimiyyətinin ən sərt dövründə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaradıb. Bu tədris ocağı fəaliyyətdə olduğu müddətdə ordu üçün yüzlərlə, minlərlə peşəkar hərbçi kadrlar hazırlayıb. Sovet rejiminin hökmran olduğu bir vaxtda heç kim bu məsuliyyəti öhdəsinə götürməyə risk etməzdi. Bu addım yalnız xalqının gələcəyini düşünən, millətinə qəlbən bağlı olan, həyatını Vətəninin çiçəklənməsinə həsr edə bilən Heydər Əliyev kimi dahi şəxsiyyət tərəfindən atıla bilərdi.

 

Beləliklə, 1969-cu ilin 14 iyul tarixində Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi Azərbaycanın gələcəyi üçün müstəsna rol oynayıb. Azərbaycan dövlətinin həqiqi inkişafı məhz o gündən başlayır. Xalqımızın xilaskar oğlu Heydər Əliyevin Azərbaycanda ikinci hakimiyyət dövrü isə müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edir. Belə ki, 1990-cı illər Azərbaycanın tarixinə ağır faciələrin yaşandığı dövr kimi daxil olub. Əgər Ulu Öndər həmin vaxt xalqımızın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəlməsəydi, bəlkə də bu gün dünyanın siyasi xəritəsində Azərbaycan adlı dövlət mövcud olmayacaqdı. Bir tərəfdən vətəndaş müharibəsi, digər tərəfdən hakimiyyət böhranı ilə üz-üzə qalan Azərbaycana rəhbərlik etmək məsuliyyətini yalnız Heydər Əliyev öz üzərinə götürə bilərdi. Buna görə də birmənalı şəkildə demək olar ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanımızın xilaskarı və  banisidir!

 

Ona görə ki, 1993-cu ilin yayında Azərbaycanda baş verən hakimiyyət dəyişikliyi dövlətimizin daxili və xarici siyasətinin yeniləşməsinə və ölkənin strateji maraqlar əsasında yenidən qurulmasına şərait yaratdı. Ümummilli Lider Heydər Əliyev Azərbaycanı dünya xəritəsindən silinməkdən, keçmişdə olduğu kimi xanlıqlara bölünməkdən, bütövlükdə məhv olmaqdan xilas etdi. Qısa müddət ərzində Ulu Öndər vətəndaş müharibəsinin qarşısını aldı, qanunsuz silahlı dəstələri ləğv etdi, uzunmüddətli atəşkəsə nail oldu. Ümummilli Liderin hakimiyyətinin ilk illərindən Azərbaycanda müstəqillik, iqtisadi yüksəliş, azadlıq, elmi tərəqqi dövrü başladı. Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti nəticəsində Azərbaycanın neft strategiyası müəyyən edildi və 20 sentyabr 1994-cü il tarixində “Əsrin müqaviləsi” imzalandı. Qısa müddət ərzində Azərbaycan BMT başqa olmaqla, nüfuzlu beynəlxalq  təşkilatların layiqli üzvünə çevrildi. 

 

Ulu Öndərin əvəzsiz xidmətlərindən biri də Azərbaycan xalqının gələcək tərəqqisini təmin edən İlham Əliyev kimi böyük bacarığa malik siyasi xadim yetişdirməsi idi. Ümummilli Liderin dövlətimizin yüksək inkişaf səviyyəsinə nail olması üçün yürütdüyü siyasi kursu bu gün Onun layiqli varisi Prezident İlham Əliyev uğurla davam etdirir. Ona görə də Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir!

 

Bu baxımdan, Azərbaycan gəncləri də Vətənimizi xilas edərək onun dünya dövlətləri sırasına yüksəlməsi və xalqımızın gələcəyi naminə göstərdiyi xidmətlərinə görə Ümummilli Lider Heydər Əliyevə daim minnətdar olacaq. 

 

 

Etibar ƏHMƏDOV,

BDU-nun Mexanika-riyaziyyat fakültəsinin dekan müavini

Xəbər lenti