Logo

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın qurucusudur

10.05.2021 12:54 620 baxış
IMG

Böyük dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. Onun xalqımız qarşısındakı xidmətləri misilsizdir. Azərbaycan xalqını müstəqil dövlət qurmağa doğru aparan yol, əslində, 1969-cu ildən - məhz Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başlamasından sonra başlanıb. Həmin vaxt respublikada bütün sahələrdə sürətli inkişaf başladı. Heydər Əliyevin respublikanın rəhbəri vəzifəsində fəaliyyətinin ilk günlərindən aydın oldu ki, Onun simasında Azərbaycan xalqı əsl milli Liderini tapmışdır. O, milli ruhun dirçəldilməsinə, Azərbaycan mədəniyyətinin inkişafına və çiçəklənməsinə nail olmaqla yanaşı, həm də bütün ziyalıların, bütün Azərbaycan xalqının diqqətini tarixi və mədəni qaynaqlara yönəltmişdir. O illərdə Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan musiqisi - nadir milli mədəniyyətimizin bütün qatları sanki təzədən açılır və yenidən qiymətləndirilirdi.


Ulu Öndər Heydər Əliyev Azərbaycanı dirçəltməklə və yeni Azərbaycan yaratmaqla yanaşı, həm də onun gələcəyini düşünürdü. O, gənclərə çox böyük diqqət yetirirdi. Gənclər respublikanın elmi-texniki və mədəni potensialının yüksəldilməsindən ötrü son dərəcə gərəkli ixtisaslara yiyələnmək üçün Sovet İttifaqının qabaqcıl ali məktəblərinə göndərilirdi. Azərbaycanın elmi və kadr potensialı möhkəmlənir, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği üçün imkanlar genişlənirdi. Bununla yanaşı, 1971-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması da böyük tarixi əhəmiyyətə malikdir. Ordu quruculuğunda və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında bu məktəbin rolu böyükdür.


Məlum olduğu kimi, müstəqilliyin ilk illərində respublikada baş alıb gedən siyasi hərc-mərclik, hakimiyyət uğrunda çəkişmələr dövlətimizə ağır zərbələr vururdu. 1992-ci ilin may ayında Xalq Cəbhəsi-”Müsavat” cütlüyü hakimiyyətə gəldi. Bu cütlüyün hakimyyəti dövründə nəinki dövlət quruculuğu prosesi ilə bağlı məsələlər ön plana çəkilmirdi, hətta hər bir azərbaycanlının ləyaqətinə və qüruruna toxunan ağlasığmaz qərarlar qəbul edilirdi.


Belə bir şəraitdə dahi şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itmiş inamını özünə qaytarmaqla ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, böyük xilaskar missiyasını yerinə yetirdi.


Məhz bu taleyüklü məsələlərin reallaşmasından sonra bütün diqqət cəbhə xəttində müdafiəyə və bununla yanaşı, iflic olmuş iqtisadiyyatın dirçəldilməsinə yönəldildi. Böyük qurtuluşdan dərhal sonra xalqın həqiqi Lideri olduğunu hər işdə sübuta yetirən Heydər Əliyev böyük quruculuğu, daxili vəziyyətin stabilləşməsi tədbirlərini gerçəkləşdirməyə başladı. Düşünülmüş və gələcəyə hesablanmış siyasətin uğurlu nəticələrini görən xalqımızın sabaha ümidi daha da artdı.


İqtisadi inkişafı müstəqilliyin mühüm amili hesab edən Ulu Öndər Heydər Əliyev iqtisadiyyata sərmayə qoyuluşunun prioritet əhəmiyyət kəsb etdiyini yaxşı bilirdi. 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə kəşfiyyatı, işlənməsi və hasilatın bölgüsü üzrə dünyanın tanınmış neft şirkətlərinin birləşdiyi konsorsiumla “Əsrin müqaviləsi” adlandırılan tarixi Saziş imzalandı. “Əsrin müqaviləsi”nin imzalanması ilə ardıcıl şəkildə reallaşdırılmağa başlayan neft strategiyası iqtisadiyyatın kəskin ehtiyac duyduğu xarici investisiya qoyuluşunun dinamik şəkildə artmasına, ölkənin sosial-iqtisadi inkişaf yoluna çıxmasına və dünya birliyinə hərtərəfli inteqrasiyasına mühüm təsir göstərmişdir. Bu razılaşmanın imzalanmasından sonra ölkədə gedən ictimai-siyasi və iqtisadi proseslər xarakterində nəzərəçarpacaq dəyişikliklər baş verdi.


Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən biri ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasıdır.

 

2001-ci ilin oktyabrın 17-də Azərbaycan Respublikasının müstəqilliyinin 10-cu ildönümünə həsr olunmuş təntənəli mərasimdə Heydər Əliyev bəyan etmişdir: “On il ərzində Azərbaycan xalqı bəyan etdiyi demokratik, hüquqi, dünyəvi dövləti qurubdur, onun təsisatlarını yaradıbdır. Bu dövlətin yaşaması üçün, inkişaf etməsi üçün çoxsaylı qanunlar qəbul edibdir. Bazar iqtisadiyyatı yolu ilə gedərək, bütün sahələrdə islahatlar aparıb və bu islahatların nəticəsinə nail olunubdur. On il müddətində Azərbaycan dünya miqyasında özünün layiqli yerini tutubdur”.


Müstəqil dövlətimizin qurucusu və xalqımızın xilaskarı, dahi şəxsiyyət Heydər Əliyev cismən aramızda olmasa da, Onun ideyaları və böyük dühası əbədi yaşardır. Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Çünki xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü Onun ideya və əməllərini davam etdirən, vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşubdur.


Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də Şuşanın azad olunması xəbərini verdiyi gün xalqa müraciətində demişdir: “Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni Mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm... Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”.


Bununla da Prezident İlham Əliyev həm ata vəsiyyətini yerinə yetirən övlad, həm də Onun memarı olduğu dövlətin rəhbəri, qurduğu qüdrətli ordunun Ali Baş Komandanı kimi Ulu Öndərimizin layiqli davamçısı olduğunu bir daha sübuta yetirdi.

 

İlqar QULİYEV

 

Bakı Dövlət Universiteti Geologiya fakültəsinin dekan müavini, 

 

YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri

Xəbər lenti