Logo

Coğrafiyaçı-alim Qusarçay hövzəsində sel hadisələrini tədqiq edib

12.11.2025 15:16 34 baxış
IMG

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin müdiri coğrafiya elmləri doktoru dosent Stara Tarixazər Qusarçay hövzəsində kompleks tədqiqat işləri aparıb.

İnstitutdan TƏHSİL.BİZ-ə bildirilib ki, tədqiqatın məqsədi son illərdə fəallaşan sel hadisələrinin yaranma səbəblərini, onların coğrafi şəraitlə və antropogen təsirləri ilə əlaqəsini öyrənməkdir.

Alimin sözlərinə görə, son illərdə Qusarçay hövzəsində palçıq-sel axınlarının intensivliyi artmaqdadır. Bu il sentyabrın 22-də Qusar rayonunun Laza kəndi yaxınlığında, Qoşaşəlalə ərazisində leysan yağışları nəticəsində güclü palçıq-sel hadisəsi baş verib, nəticədə kənd yollarına, kənd təsərrüfatı sahələrinə və digər obyektlərə zərər dəyib.

Dəniz səviyyəsindən 1680 metr yüksəklikdə yerləşən Laza kəndində təxminən 30 ev və 130-a yaxın sakin yaşayır. Bu ərazidə 2016-cı il sentyabrın 1-də baş vermiş palçıq-sel nəticəsində Laza kəndinin 53 sakini təxliyə edilib, 2019-cu il iyunun 4-də sel hadisəsi kəndin əkin sahələrinə ciddi zərər vurub. 2023-cü il avqustun 2-də isə sel axını kənd sakinlərinin otlaq və sahə işlərinə getmək üçün istifadə etdikləri Qusarçay üzərindəki körpünü zədələyib.

Qusarçayın mənbəyi 3780 metr yüksəklikdə, sel hadisələrinin əsas ocaqları isə 2500 metr və daha yuxarı yüksəkliklərdə yerləşir. Həmin zonalarda son illər dağ-çəmən bitki örtüyünün məhv edilməsi müşahidə olunur ki, bu da torpaq örtüyünün sabitliyini azaldaraq sel riskini artırır.

Tədqiqatçı qeyd edib ki, Qusarçay hövzəsində sel hadisələrinin qarşısının alınması məqsədilə meşə-bərpa tədbirlərinin gücləndirilməsi, yamaclarda antropogen yüklənmənin azaldılması və hidrotexniki qurğuların möhkəmləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Xəbər lenti