Logo

Folklorşünaslığa yeni töhfə – “Dini folklor” kitabının üçüncü cildi çapdan çıxıb

27.10.2025 15:47 45 baxış
IMG

AMEA-nın Folklor İnstitutunun Elmi şurasının qərarı ilə filologiya elmləri doktoru professor Füzuli Bayatın “Dini-mifoloji kontekstdə kosmoqoni və esxatoloji miflər (əvvəl zamanla axırzaman qissələrinin folklorlaşması)” adlı yeni kitabı işıq üzü görüb.

İnstitutdan TƏHSİL.BİZ-ə bildirilib ki, “Dini folklor” silsiləsinin üçüncü kitabı olan bu tədqiqat əsəri “Elm və təhsil” nəşriyyatında çap olunub. Əsər “Ön söz”, dörd fəsil, “Son söz yerinə” və geniş qaynaqlar siyahısından ibarətdir.

Kitabda dini qissələrin folklorlaşma prosesi dini mətnlərdən şifahi mədəniyyətə keçid prizmasında araşdırılır, bu zaman kosmoqonik və esxatoloji məfhumların hansı şəkildə transformasiyaya uğradığı elmi əsaslarla təhlil edilir.

Birinci fəsildə yaradılışın – kosmoqoniyanın – dinlərdə, mifologiyada və folklorda təsviri, ikinci fəsildə Həzrəti Adəmin yaradılış hekayəsinin dini və folklor kontekstində təhlili verilir. Üçüncü fəsildə türk mifoloji düşüncəsində axırzaman anlayışı, “kalgançı çağ” motivi və qiyamət təfəkkürü izah edilir. Dördüncü fəsil isə Tanrının qəzəbinə düçar olmuş xalqların qissələrinin folklora hansı yolla sirayət etdiyi araşdırılır.

Müəllif dini qissələrin müxtəlif coğrafiyalarda və mədəni kontekstlərdə dəyişdiyini, həmin qissələrin milli dəyərlərə uyğun şəkildə yenidən qurulduğunu göstərir. Bu zaman folklorun formalaşmasında yazılı mənbələrin rolu ilə yanaşı, şifahi mühitin təsiri və qarşılıqlı keçidləri nəzərdən keçirilir. Xüsusilə kosmoqoniya, esxatologiya, qurtarıcı doktrina və dini miflərin sosial-psixoloji təsirləri geniş şəkildə şərh olunur.

Kitabda, həmçinin müasir dövrdə kütləvi informasiya vasitələrinin və rəqəmsal texnologiyanın təsiri ilə dini qissələrin yayılma sürətinin artdığı qeyd edilir. Eyni zamanda, bu qissələrin bəzi hallarda manipulyasiya olunduğu, saxta qurtarıcı obrazların yaradıldığı və dini ideyaların siyasi məqsədlərlə istifadə edildiyi hallar da vurğulanır. Müəllif xristian təriqətlərinin bəzi texnoloji platformalardan istifadə edərək qiyaməti yaxınlaşdırmaq cəhdlərini, müharibələri haqlı göstərən təbliğat formalarını tənqidi şəkildə təhlil edir.

Tədqiqatda dini qissələrin folklorlaşması zamanı müxtəlif janrlarda – əfsanə, nağıl, dastan, rəvayət və s. şəklində transformasiya olunduğu və bu prosesdə mifoloji, əfsanəvi və romantik təhkiyə qatlarının bir-birini tamamladığı elmi dəyərləndirmə ilə təqdim olunur. Türk dünyasının geniş coğrafiyasında bu qissələrin müxtəlif formalarda və fərqli semantik yüklərlə söylənməsi dini folklorun zənginliyini göstərir. Şiə və sünni mühitlərdə eyni qissənin fərqli versiyalarının mövcudluğu, Mehdilik və Məsihlik anlayışlarının bir-birinə qarışması bu prosesin canlı və çoxşaxəli xarakter daşıdığını ortaya qoyur.

Professor Füzuli Bayatın bu tədqiqatı dini mətnlərin və mifoloji elementlərin folklor kontekstində hansı yolla yaşayaraq dəyişdiyini anlamaq baxımından əhəmiyyətli bir mənbədir. Kitab həm folklorşünaslıq, həm ilahiyyat, həm də mədəniyyətşünaslıq sahəsində çalışan tədqiqatçılar üçün aktual mövzulara elmi yanaşma təqdim edir. Müəllifin ardıcıl şəkildə araşdırdığı “Dini folklor” silsiləsi din və folklorun kəsişməsində yeni metodoloji yanaşmalar formalaşdırır və bu sahədə aparılan tədqiqatlara ciddi töhfə verir.

Xəbər lenti