Logo

Elçin Babayev: "Fədakarlıq, ziyalılıq, xeyirxahlıq nümunəsi"

04.05.2021 10:24 128 baxış
IMG

Çağdaş dövrümüzün parlaq simalarından olan professor Hafiz Paşayev şərəflə yaşadığı ömrünün 80-ci zirvəsinə qədəm qoyur. Bu zəngin və mənalı ömrün səhifələrini vərəqlədikcə bir daha şahid oluruq ki, görkəmli ictimai-siyasi xadim, peşəkar diplomat, dünya miqyasında tanınan alim, bacarıqlı elm və təhsil təşkilatçısı, əsl ziyalılıq nümunəsi olan Hafiz müəllimin şüurlu həyatı xalqının maariflənməsinə, Azərbaycanın tərəqqisinə və dünyada layiqincə tanıdılmasına həsr olunub.

 

Əminliklə söyləmək olar ki, professor Hafiz Paşayev ziyalılı­ğı, müdrikliyi, xalqına, Vətəninə bağlılığı, dövlətə, ulu öndərimiz Heydər Əliyev siyasətinə sədaqəti ilə bu gün gənclərimiz üçün bir nümunədir. Bu kamil insanın çoxşaxəli fəaliyyətini izlədikcə görürük ki, o, ömrünün 80-ci zirvəsinə, sözün əsl mənasında, yurdsevər və fədakar fəaliyyəti ilə yüksəlib. Hafiz müəllim istər bir alim kimi yazdığı bir-birindən dəyərli elmi-tədqiqat əsərləri, istər bir diplomat kimi ölkəmizin dünya miqyasında tanıdılmasın­da müstəsna xidmətləri, istərsə də ictimai-siyasi xadim kimi əsl vətəndaş və ziyalı mövqeyi ilə adı­nı elm, təhsil, diplomatiya, eləcə də ictimai-siyasi tariximizə parlaq hərflərlə həkk etdirmişdir.

 

Professor Hafiz Paşayevin simasında alim, pedaqoq, diplo­mat və rəhbər işçi xüsusiyyətləri sadəlik, səmimiyyət, təvazökarlıq, yüksək mədəniyyət və əsl ziya­lılıq kimi dəyərlərlə üzvi şəkildə birləşərək onu insanların sevimlisinə, idealına çevirmiş­dir. Bu yetkin şəxsiyyət zəngin potensialı, yüksək təşkilatçılıq qabiliyyəti, demokratik düşüncə tərzi, müasirliyi, yeniliklərə və təşəbbüslərə açıq olması ilə məşğul olduğu hər bir fəaliyyət sahəsində, çalışdığı hər bir vəzifədə həmişə insanların hədsiz hörmətini, ehtiram və etibarını qazanıb.

 

Bu gün elm aləmində görkəmli fizik kimi şöhrət qazanmış Hafiz Paşayev hələ ömrünün gənclik çağlarından – 1964–1967-ci illərdə Azərbaycan Elmlər Aka­demiyasının Fizika İnstitutunda çalışdığı dövrdən yenilikçi, modern düşüncəli tədqiqatçı kimi özünü təsdiqləmişdir. Təsadüfi deyil ki, o, Moskvada nüfuzlu elmi-tədqiqat mərkəzlərindən olan Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını müvəffəqiyyətlə bitirmiş, elm yollarında inam­la yüksəlmiş, gənc yaşlarında elmlər doktorluğu dissertasiyası­nı müadfiə etmişdir. Hələ sovet dövründən Hafiz Paşayev fizika sahəsində görkəmli alim kimi dün­yanın nüfuzlu elm mərkəzlərinin diqqətini cəlb etmiş, bir müddət Kaliforniya Universitetində tədqiqatlarını davam etdirmişdir.

 

Professor Hafiz Paşayevin 1992–2006-cı illərdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında (eyni zamanda, Mek­sika və Kanadada) fövqəladə və səlahiyyətli səfiri vəzifəsində ça­lışması onun həyatında böyük bir mərhələ təşkil edir. Bu böyüklük əhatə etdiyi zaman məsafəsini deyil, daha çox Hafiz müəllimin peşəkar diplomat kimi həyata ke­çirdiyi misilsiz fəaliyyətin miqyasını ifadə edir. Məhz Hafiz Paşayevin peşəkar diplomat kimi səyləri ilə yenicə müstəqilliyini əldə etmiş Azərbaycanın ABŞ-la və bir sıra digər dövlətlərlə, eyni zamanda, beynəlxalq təşkilatlarla diplomatik münasibətlərinin təməl daşları qoyulmuşdur.

 

Hafiz Paşayev səfir işlədiyi illərdə hər an canı-qanı ilə bağlı olduğu doğma Azərbaycanın mənafelərini, milli maraqlarını müdafiə etmişdir. O, ümum­milli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə, ulu öndərin müdrik tövsiyələri əsasında əzmlə çalı­şaraq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynamışdır. Bu fəaliyyəti ilə Hafiz müəllim peşəkar, yüksək erudisiyalı, səriştəli bir diplomat kimi dövlətimizin, xalqımızın adını zirvələrə ucaltmışdır.

 

2006-cı ildə cənab Preziden­timiz İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini– Azərbaycan Respublikası Xa­rici İşlər Nazirliyinin Diplomatik Akademiyasının (indiki “ADA” Universiteti) rektoru təyin edilən Hafiz Paşayev həm diplomatiya cəbhəsində peşəkar fəaliyyətini davam etdirmiş, həm də elm və təhsil təşkilatçısı kimi həyatında yeni uğurlara imza atmışdır. Pro­fessor Hafiz Paşayevin təşəbbüsü ilə yaradılan “ADA” Universiteti onun fədakar əməyi və müd­rik rəhbərliyi ilə qısa müddətdə ölkəmizdə, eləcə də beynəlxalq aləmdə yeni tipli ali təhsil müəssisəsi kimi şöhrət qazanmış­dır.

 

Təsadüfi deyil ki, əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdan ibarət olan “ADA” Universitetində bu gün dünyanın nüfuzlu alimləri peda­qoji və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olurlar. Xalqımızın istedad­lı övladları ilə yanaşı, dünyanın bir çox ölkələrindən olan tələbələr də təhsil almaq üçün məhz bu nüfuzlu ali təhsil müəssisəsini seçirlər. Şübhəsiz, bu günlərdə yaradılmasının 15 illiyi tamam olan “ADA” Universiteti görkəmli elm və təhsil təşkilatçısı, professor Hafiz Paşayevin rəhbərliyi ilə ölkəmizdə elm və təhsil sahəsində aparılan mütərəqqi islahatların, nəzərdə tutulan genişmiqyaslı layihələrin reallaşdırılmasında həmişə olduğu kimi, bundan sonra da aparıcı rola malik olacaq. Bu modern ali təhsil ocağı XXI əsrin tələblərinə uyğun gənc nəslin yetişdirilməsinə, onların müasirlik və vətənpərvərlik ruhunda tərbiyə edilməsinə öz misilsiz töhfələrini verəcəkdir.

 

Onu da vurğulamaq lazım­dır ki, professor Hafiz Paşa­yevin səmərəli ictimai-siyasi fəaliyyəti və elmi-pedaqoji xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəcamları ilə Hafiz Paşayev çalışdığı sahələrdə səmərəli fəaliyyətinə və samballı xidmətlərinə görə dövlətimizin yüksək mükafatlarına– 2011-ci ildə “Şöhrət”, 2016-cı ildə “Şərəf”, 2019-cu ildə isə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləinə layiq görülmüşdür. Bugünlərdə isə dövlət başçısı İlham Əliyevin sərəncamı ilə professor Hafiz Paşayevin Azərbaycan Res­publikasında təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə daha bir ali mükafat– 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi isə görkəmli alimin 80 illik yubileyinə dövlətimizin ən dəyərli töhfsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın dediyi kimi, professor Hafiz Paşayev öm­rünün hər bir mərhələsində, çalış­dığı hər bir vəzifədə Azərbaycanın maraqlarını hər şeydən üstün tutaraq istər elmi-pedaqoji, istərsə də ictimai-siyasi fəaliyyətində həmişə bir məqsədə– ölkəmizin güclənməsinə, inkişafına xidmət etmişdir.

 

Nüfuzlu alim, pedaqoq və ictimai xadim olaraq Hafiz Pa­şayevin cəmiyyətdə yüksək qiymətləndirlilən üstün mənəvi keyfiyyətlərindən biri isə onun hər zaman insanlara yaxşılıq etməsi, ehtiyacı olanlara dayaq durması, ətrafındakı insanlara doğru yol göstərməsi, çoxsaylı xeyirxah əməllərin sahibi olması­dır. Məhz bu mənəvi keyfiyyətləri, özünəməxsus xarakteri onu ağsaqqallıq mərtəbəsinə yüksəltmişdir. Bu gün bizim hər birimizin Hafiz müəllimin ağsaqqal sözünə, dəyərli öyüd-nəsihətlərinə böyük ehtiyacımız var. Eyni za­manda, çox xoşbəxtik ki, bu müd­rik insan öz tövsiyələrini bizlərdən əsirgəmir, xüsusilə gələcəyimiz olan gənclərə ölkəmizin inkişafı, xalqımızın rifahı naminə gərəkli məsləhətlərini verir.

 

Əlbəttə, xeyirxahlıq, pozitiv düşüncə tərzi, nadir insanlarda cəmləşmiş ziyalılıq və müd­riklik, ağayanalıq kimi bütün bu keyfiyyətlər Hafiz müəllimə yaşadığı həyat tərzindən, mənsub olduğu soy-kökdən, ən əsası isə atası– görkəmli yazıçı və alim Mir Cəlal Paşayevdən keçmişdir. Azərbaycanda estetik fikrin forma­laşmasında mühüm xidmətləri olan görkəmli alim, ədəbiyyatşünaslıq elmimizə “Füzulinin poetik xüsusiyyətləri”, “Azərbaycanda ədəbi məktəblər (1905–1917)” kimi orijinal elmi əsərlər bəxş edən, qələmə alındığı gündən indiyə qədər alimlərin, tələbələrin stolüstü kitabı olan “Ədəbiyyatşünaslığın əsasları” dərsliyinin müəllifi, yüksək məharət və parlaq istedadla yazılmış bədii əsərləri– hekayə və romanları ilə xalqımızın bir neçə nəslinin düşüncə tərzinin, milli şüu­runun formalaşmasında müstəsna xidmətləri olan müəllimlər müəllimi Mir Cəlal Paşayevin hər kəsin bildiyi məşhur bir kəlamı var: “Ən böyük əsərim – ailəmdir”.

 

Qətiyyətlə söyləyə bilərik ki, bu gün biz professor Hafiz Paşaye­vin və unudulmaz şəxsiyyət Mir Cəlalın ailəsinin digər üzvlərinin də timsalında uzaqgörənliklə deyil­miş bu məşhur kəlamın doğrulu­ğunun bir daha şahidi oluruq, bu müdrik qənaəti dönə-dönə təkrar və təsdiq edirik. Eyni zamanda, çox məmnunuq ki, Hafiz məllim böyük qədirşünaslıq nümunəsi göstərərək, XX əsr Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elmi tarixində parlaq şəxsiyyətlərdən olan, həqiqət, düzlük, mənəvi təmizlik, səmimiyyət mücəssəməsi, Azərbaycanın ali məktəblərinin bayraqdarı sayı­lan Bakı Dövlət Universitetinin hörmətli, sevimli və unudulmaz müəllimi, nüfuzlu professoru kimi bu gün də xatirələrdə yaşayan Mir Cəlal müəllimin ruhunun və mənəviyyatının daşıyıcısı kimi atasının uzun müddət çalışdığı, özünün isə məzunu olduğu ali təhsil ocağı ilə mütəmadi olaraq əlaqə saxlayır, onun hərtərfli inki­şafına, xüsusilə son illər aparılan islahatlara mənəvi dəstək göstərir, dəyərli məsləhətlərini əsirgəmir.

 

Ziyalılıq, xeyirxahlıq və müd­riklik timsalı olan Hafiz müəllim yaşının bu çağında da gənclik həvəsi,yenilik ruhu ilə yazıb-ya­radır, elmi-pedaqoji və ictimai fəaliyyətini uğurla davam etdirir. Böyük sevinc hissi ilə söyləmək olar ki, professor Hafiz Paşayev 80 yaşının tamam olmasını ötən yubileylərindən üstün ovqatda, pozitiv əhval-ruhiyyədə qarşıla­yır. Çünki onun da diplomat kimi uzun illər məşğul olduğu Qara­bağ problemi artıq xalqımızın zəfəri ilə tarixə qovuşmuşdur. Möhtərəm Prezidentimiz, yenilməz sərkərdəmiz İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımız 44 günlük Vətən Müharibəsindəki parlaq qələbəmiz nəticəsində işğaldan azad edilmiş, Azərbaycanın ərazi bütövlüyü təmin olunmuşdur.

 

Azərbaycanın görkəmli ziyalısı, ictimai xadimi, mahir diplomatı, fədakar elm və təhsil təşkilatçısı Hafiz Paşayevi əlamətdar yubileyi münasibətilə təbrik edir, görkəmli alimə öz adımdan, məzunu olduğu Bakı Dövlət Universite­tinin çoxminli professor-müəllim heyəti və tələbə kollektivi adından möhkəm cansağlığı, uzun ömür, Vətənimizin tərəqqisi, xalqımızın rifahı naminə həyata keçirdiyi irimiqtaslı işlərində, çoxşaxəli fəaliyyətində uğurlar arzulayıram.

 

Elçin BABAYEV,

Bakı Dövlət Universitetinin rektoru

Xəbər lenti