Logo

COP-un keçiriləcəyi dövrdə bağçaların fəaliyyəti dayandırılmayacaq – RƏSMİ

06.11.2024 15:47 183 baxış
IMG

COP29-un keçiriləcəyi dövrdə məktəbəqədər təhsil müəssisələri fəaliyyətini davam etdirəcək.

Bu barədə TƏHSİL.BİZ -ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabinetinin COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərarına əsasən, ümumi təhsil müəssisələrində payız tətili 2024-cü il noyabrın 12-dən 22-dək olacaq. Noyabr ayında bayram günləri və şənbə-bazar günlərini nəzər alsaq, payız tətilindən sonra ilk dərs günü noyabrın 25-ə təsadüf edəcək. COP-29 dövründə bağçalar isə fəaliyyətini davam etdirəcək. Sadəcə xüsusi hallarda ümumi prosesin fəaliyyəti üçün hər hansı problem yaradacağı təqdirdə müdaxilə oluna bilər.

Qeyd edək ki, bu ay Azərbaycanda ardıcıl 6 qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib. 8 noyabr Zəfər günü qeyri-iş günüdür. 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, iş günü hesab edilməyən bayram günüdür. Bu il 9 noyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq gələn həftənin bazar ertəsi – 11 noyabr qeyri-iş günü olacaq. Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 6 gün – 8, 9, 10 (bazar günü), 11, 12 və 13 noyabr qeyri-iş günü olacaq.

Bağçalar fəaliyyətini 14 noyabrdan davam etdirəcək.

Xəbər lenti