Logo

Virus peşə tanımır, bəs niyə daha çox müəllimlər ölürlər?

19.04.2021 18:00 676 baxış
IMG

Digər səbəb isə müəllimlərin çoxunun yaş qrupuna görə 50 yaşdan yuxarı olmasıdır. V.Cavadzadə bildirir ki, bu yaş kateqoriyasında yanaşı xəstəliklər olur.

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

 

BAKI, 19 aprel — Sputnik. Təhsil işçiləri vaksinasiya prosesinə cəlb olunsalar da, onlar arasında ölüm xəbərlərinə tez-tez rast gəlirik. Bu günlərdə isə Bakıda yerləşən 20 nömrəli məktəb-liseyin müəllimləri İradə Tağıyeva və Lalə Kərimova koronavirusdan dünyasını dəyişiblər.

 

Riyaziyyat müəllimi olan İradə Tağıyeva aprelin 10-da, ingilis dili fənnini tədris edən Lalə Kərimova isə aprelin 14-də COVID-19-un qurbanı olub. Məktəblərin bağlı olduğu və təhsil işçiləri arasında vaksinasiyanın aparıldığı bir vaxtda müəllimlər arasında koronavirusdan ölüm hallarının baş verməsi isə cəmiyyətdə müəyyən narahatlığa səbəb olub. Sputnik Azərbaycan-ın apardığı araşdırma zamanı məlum olub ki, 20 nömrəli məktəbdə çalışan müəllimlər vaksinasiya prosesindən keçməyiblər. Məktəbdən Sputnik Azərbaycan-a bildirilib ki, müəllimlər koronavirusa təhsil işçiləri arasında peyvəndlənməyə başlamazdan öncə yoluxublar. Ona görə də onlar koronavirus əleyhinə vaksin olunmayıblar.

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əyani tədrisin olmadığı vaxtda müəllimlər arasında koronavirusdan ölüm halları müəyyən suallar doğursa da, virusa yoluxmanı və ölüm hallarını peşə ilə əlaqələndirmək doğru yanaşma deyil:

 

"Bu virusun peşəyə aidiyyəti yoxdur. Təbii ki, müəllimlərin arasında yoluxma hallarının olması və ölüm hadisələri bizi də narahat edir. Bu da onu göstərir ki, müəllimlər arasında vaksinasiya labüddür".

 

Həmsöhbətimiz bildirir ki, vaksinasiya təhsil sahəsində operativ həyata keçirilir. Onun sözlərinə görə, təhsil sahəsində COVID-19-a yoluxmanın qarşısını almaq üçün bütün zəruri tədbirlər görülüb: "65 yaşdan yuxarı, risk qrupuna daxil olan müəllimlər əyani tədrisə buraxılmırlar. Təhsil sahəsində virusa yoluxmanı minimuma endirmək üçün bütün imkanlardan istifadə olunur. Hətta qərar verildi ki, sıxlıq olan ərazilərdə əyani təhsil dayandırılsın. Amma nəzərə almaq lazımdır ki, müəllimlər günün müəyyən hissəsini məktəbdə keçirirlər. Qalan hissəni evdə, ictimai yerlərdə olurlar. Bu baxımdan müəllimin harada, hansı şəraitdə virusa yoluxduğunu söyləmək çətindir".

 

Şuranın sədr müavini bildirir ki, hazırda virusa yoluxma ilə bağlı ən aşağı risk məktəblərdir: "Bu gün hara baxırıq, uşaqlar toplu şəkildə oynayırlar. Restoranlarda da uşaqlar çoxdur. Məktəbləri isə virusa görə bağlamışıq. Halbuki məktəblərdə sanitar-gigiyenik qaydalar qorunur. Mən hesab edirəm ki, biz müəllim və uşaqlar arasında koronavirusa yoluxma faizini çıxartsaq, bu, ölkə üzrə yoluxmanın ancaq 2 faizini edər. Məktəblərdə virusa yoluxmanın qarşısını almaq üçün ciddi tədbirlər görülüb. Amma biz bu cür tədbirləri nə ictimai nəqliyyatda, nə də ki, restoranlarda görürük".

 

İnfeksionist Vüqar Cavadzadə isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müəllimlər arasında ölüm hallarının çoxaldığını demək olmaz: "Sadəcə onların cəmiyyətdə tutduğu mövqeyə görə müəllimlərin ölüm halları ictimailəşir".

 

V.Cavadzadə bildirir ki, ümumi olaraq müəllimlər qapalı müəssisələrdə işləyirlər. Onlar şagird və müəllimlərlə təmasda olduqlarından risk qrupuna daxildirlər. Bununla belə, infeksionist deyir ki, virus peşə tanımır. O ki qaldı müəllimlər arasında ölüm hallarının qeydə alınma səbəblərinə, V.Cavadzadə söyləyir ki, bu, insanların xəstəliyin ağırlaşma mərhələsində həkimə müraciət etmələri ilə bağlıdır. Digər səbəb isə müəllimlərin çoxunun yaş qrupuna görə 50 yaşdan yuxarı olmasıdır. V.Cavadzadə bildirir ki, bu yaş kateqoriyasında yanaşı xəstəliklər olur. Bu isə virusa yoluxma zamanı xəstəlikləri daha da ağırlaşdırır.

 

Həmsöhbətimiz deyir ki, təhsil işçilərinin sürətli vaksinasiyası ölüm hallarının qarşısını alacaq:

 

"Düzdür, indi könüllü olduğu üçün bəzi insanlar vaksinasiyaya üstünlük vermirlər. Amma təcrübə göstərir ki, vaksin olunanlar xəstəliyi yüngül keçirirlər. Mənim xəstələrim arasında da belələri var. Ər-arvad vaksin olunub, yanaşı xəstəlikləri var, amma xəstəliyi yüngül keçirirlər. Biz dəfələrlə demişik ki, vaksin olunan şəxs virusa yoluxacaq, amma xəstəliyi ağır keçirməyəcək, ölüm riski azalacaq. Məhz bunun üçün insanlar koronavirus əleyhinə dövlətin yaratdığı imkandan istifadə etməli, peyvənd olunmalıdırlar".

 

Təhsil Nazirliyindən isə bildirdilər ki, nazirlikdə bununla bağlı yeni məlumat yoxdur.

Xəbər lenti