Logo

İsa Həbibbəyli çinli tələbələrə Azərbaycan ədəbiyyatı tarixindən mühazirə oxuyub

22.06.2024 15:00 175 baxış
IMG

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili qrupunda təhsil alan çinli tələbələrlə görüşüb, onların qarşısında auditoriyada çıxış edərək Azərbaycan ədəbiyyatının tarixi ilə bağlı mühazirə oxuyub.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, mühazirədə Azərbaycan ədəbiyyatının tarixi inkişaf dövrlərini əhatə edən mərhələlər, ədəbi cərəyanlar, bu janrların ayrı-ayrı nümayəndələri barədə ətraflı söhbət açılıb. Müasir mərhələdə Azərbaycan ədəbiyyatında mövcud olan ədəbi janrlar, onları təmsil edən şair və yazıçılar, Azərbaycan-Çin ədəbi əlaqələrinin bu günü və gələcək perspektivləri barədə hərtərəfli məlumat verilib.

Sonra çinli tələbələrlə ölkəmizin tarixi, coğrafiyası, ədəbiyyatı, mədəniyyəti haqqında Azərbaycan dilində sual-cavab aparılıb. Akademik İsa Həbibbəyli tələbələrin dil hazırlığını və intellektual səviyyəsini yüksək qiymətləndirib, bu istiqamətdə əmək sərf etmiş universitetin müəllimi Aqşin Əliyevə təşəkkürünü bildirib.

Sonda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan dili qrupunda təhsil alan 12 tələbənin hər birinə ölkəmizin tarixi məkanlarını, maddi-mədəniyyət abidələrini əks etdirən müxtəlif xatirə hədiyyələri, Akademiyada Azərbaycan dilində nəşr olunmuş kitab və monoqrafiyalar hədiyyə edib.

Görüşdə çinli tələbələr çıxış edərək Azərbaycan dili üzrə biliklərini daima artırdıqlarını, ölkəmizə böyük məhəbbətlə yanaşdıqlarını bildirərək onlarla xüsusi görüş təşkil etdiyinə və mühazirə oxuduğuna görə AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə minnətdarlıqlarını bildirib, tarixi görüşdən ayrı-ayrılıqda və kollektiv xatirə şəkli çəkdiriblər.

Xəbər lenti