Logo

Azərbaycan təhsil sistemini gözləyən ciddi risklər: "Xarici qurumların daha sərt şərtlərindən sığortalanmaq üçün..."

17.04.2021 14:26 226 baxış
IMG

"Pandemiya başlanarkən bir çox ölkələrin milli təhsil platformaları hazır olduğundan, distant sahədə müəyyən hazırlıqlar olduğundan onlar üçün tədrisin distant formada öz milli platformaları üzərindən təşkilində elə də ciddi problem yaşanmadı. Lakin pandemiya başlananda Azərbaycanın öz milli təhsil platforması olmadığından məcburən xarici resurs üzərində tədrisi gerçəkləşdirməyə başladı".

 

Bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib. Onun sözlərinə görə, ölkəmizdə elektron məktəb, "e-learning" sistemləri zamanında qurulmayıb:

 

"Artıq "Microsoft Teams" və onunla yanaşı Microsoftun Office 365 alətləri, Mail, Calendar, OneDrive və s. proqramları da Azərbaycan dilinə tərcümə edilib. Yəni, necə deyərlər, Microsoft Teams milliləşdirilərək "Virtual məktəb" milli platformasına çevrilib.

 

Əlbəttə, çox funksiyalı bu tip resursları hazırlamaq və ona proqram-texniki dəstək vermək ağır bir işdir. Uzun zaman və ciddi resurslar, maliyyə və kadr resursları, böyük data mərkəzlər tələb edir. Eyni zamanda Təhsil nazirliyi Microsoft şirkəti ilə qarşılıqlı anlaşma ilə bu resursun milliləşdirilməsi istiqamətində xeyli addımlar atıb. Texniki dəstək komandası formalaşıb, funksionallığı xeyli genişləndirilib. Bütün bunlar təqdirəlayiqdir. Bildiyim qədər, Azərbaycan hökuməti bu resursdan istifadə üçün Microsoft-a xeyli vəsaitlər də ödəyir".

 

Ekspert vurğulayıb ki, buna baxmayaraq, son zamanlar "Virtual məktəb"də bəzi funksionallıqlarda, xüsusilə də video resursların saxlanılması ilə bağlı müəyyən məhdudiyyətlər olur:

 

"Düşünürəm ki, milli təhsil sisteminin dayanıqlıqlığı və təhlükəsizliyi baxımından, həmçinin qarşıdakı illərdə xarici qurumların daha sərt şərtlərindən sığortalanmaq üçün ayrıca , Azərbaycana məxsus milli təhsil platformasının yaradılması doğru olardı. Eyni zamanda, Türkiyənin də özünəməxsus oxşar təhsil platforması var və alternativ olaraq bu sistemdən də istifadə məsələlərinə baxıla bilər.

 

Fikrimcə, ölkənin bütöv təhsil sisteminin bir platforma, xüsusilə də yalnız bir xarici platforma üzərində "oturması" ciddi risklər yaradır. Bu baxımdan milli təhsil platformamız yaradılmaqla alternativlərin olması təhsil və informasiya təhlükəsizliyi sahəsində milli maraqlarımıza uyğun olardı. Təhsil nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Elektron Hökumətin İnkişafı Mərkəzi bu istiqamətdə indidən işlərə başlamalıdırlar". sfera

Xəbər lenti