Logo

Beynəlxalq bestsellər müəllifi Mey Mask “Yeni çağırış”larda uğur təcrübəsini bölüşüb

16.04.2021 20:55 284 baxış
IMG

“Yeni çağırışlar” müzakirə proqramının növbəti qonağı yazıçı, beynəlxalq bestseller müəllifi, dünyanın ikinci ən zəngin adamı, “Space X” və “Tesla” şirkətlərinin qurucusu İlon Maskın anası Mey Mask olub. 

 

Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən proqramın 20 fevral 2021-ci ildə yayımlanan bölümündə xanım Mask həyat təcrübəsini, uğur qazanmağın yolları ilə bağlı düşüncələrini paylaşıb, davamlı öyrənmənin onun və ailəsinin uğurlarındakı rolundan söhbət açıb.

 

Bele bele ishlerin informasiya dəstəyi ilə baş tutan görüşün giriş hissəsində Kamil Cəlilovun balaban ilə çaldığı “Çahargah ahəngi” adlı əsəri fon musiqisi kimi səsləndirilib.  

 

Proqramın aparıcısı, T-network koordinatoru Cəfər Mənsimi ölkəmizin milli libasında qonağı salamlayaraq dəvəti qəbul etdiyi üçün ona təşəkkür edub. Səsləndirilən musiqi haqqında Mey Maska məlumat verən aparıcı bu əsərin 1977-ci ildə NASA-nın Voyager 1 peyki ilə kosmosa göndərilən qızıl plastinkada yer aldığını diqqətə çatdırıb. 

 

Uğur sirrini ailəsi və zəhmətkeşliyi ilə əlaqələndirən qonaq çox nəzakətli, nəcib, mehriban valideynlərə malik kanadalı ailədə böyüdüyünü, sonradan Cənubi Afrikaya köçdüyünü vurğulayıb: “Ailədə 5 uşaq olmuşuq. Valideynlərimiz bizi xeyirxahlıq, hörmət və ehtiram ruhunda böyüdüb. Onlar bizə istənilən işlə məşğul olmağa şərait yaradıblar, müxtəlif sosial tədbirlərdə iştirakımızı təmin ediblər. Kiçik yaşlarımızdan bizi işləməyə sövq ediblər. Məsələn, mən 8 yaşımdan iş həyatına atılmışam. Valideynlərimiz bizim  müxtəlif maraqlarımızı həmişə dəstəkləyib.  Məktəbdə yaxşı oxumuşam. İntizamlı şagird olmuşam. Atamın birmühərrikli təyyarəsində Cənubi Afrika, Asiya, Avropa, Avstraliyanı yalnız xəritə istifadə edərək səyahət etmişik. Bütün bunlar bizə macəraçılıq ruhu formalaşdırıb. İndiyə kimi hər günə yeni enerji və həyacanla başlayıram”.

 

Yazıçı övladlarının uğurunu isə onların inadkar və əzmkar olmaları ilə əlaqələndirib. O bildirib ki, bütün rədd cavablarına baxmayaraq onlar yollarından dönməyiblər. Oğlu İlonun Mars xəyallarının reallaşmasında atasının təyyarəsinin xüsusi rolu olduğunu bildirən xanım Mask əlavə edib ki, məcəraçı ruhu hər ikisinə xanım Maskın atasından keçib. 

 

Övladlarını məsuliyyətli və özlərinə inamlı olmağa, onları öz qərarlarının özlərinin verməsinə təşviq etdiyini bildirən qonaq onu da əlavə edib ki, o, övladlarına sərbəstlik verib: “Toronto Universitetində tədqiqat və araşdırmalarla məşğul olduğum dövrdə dövrdə övladlarıma dedim ki, siz seçiminizdə sərbəstsiniz. Gedin tələbə təqaüdü qazanın və oxuyun. Onların ev tapşırıqları ilə maraqlanmamışam. Çünki bu məsuliyyət onların özlərində olub. Övladlarım xüsusi maraq göstərdikləri fənləri diqqətlə öyrənib, araşdırmalar aparırblar. Bu mövzuda onlara sərbəstlik vermişəm. İlon biznes və fizika, Kimbal biznes, Toska isə film istehsalı sahəsini seçdilər. Kimbal məktəblərdə tərəvəz və meyvə bağları quran və mənfəət güdməyən “Böyük yaşıllıq” (Big Green) adlı qlobal təşkilatın yaradıcısıdır. Şəxsi nümunəyə gəlincə mən də həmişə işləmişəm və onlar bunu görüb. Ailəmizdən bizə keçən zəhmətkeş, digər insanlara qarşı nəciblik və səmimiyyət xüsusiyyətləri övladlarımda da var. Mən onların zəhmətkeşliyinə çox sevinirəm”. 

 

Mey Maskın uşaqlarının təhsilə marağını necə formalaşdırması, onların uğurlu olması üçün başqa hansı addımları atması barədə danışarkən onu da qeyd edib ki, anası 98 yaşında əlavə təhsil almağa başlayıb: “Anamın dəsti-xəttini davam etdirirəm, hazırda da oxuyuram, öyrənirəm. Mənim də bu xüsusiyyətlərim övladlarıma keçib. Övladlarım da daim oxuyur, öyrənirlər və bu yolda biz birbirimizi dəstəkləyirik. Mən görürəm ki, onların etdikləri dünyaya yalnız fayda gətirir. Övladlarımı uşaqlıqdan iş həyatına cəlb etmişəm”. 

 

Qızların təhsilə daha çox təşviq edilməsi barədə də danışan qonaq bildirib ki, təhsilin önəmi hər dəfə xüsusi vurğulanmalıdır: “Qadınlar nə qədər yaxşı təhsil alsalar dünyanın güzəranı bir o qədər daha yaxşı olacaq. Sadəcə təhsilin önəmini daha çox çatdırmalıyıq. Paylaşmaq, ünsiyyət, etibar çox vacibdir. Onu da devizə çevirməliyik ki, maraqlı olmaq gözəl olmaqdan daha vacib, daha füsunkardır.  Daxili füsünkarlığı zahiri görünüşünə siraət edir. Bu baxımdan təhsilli olmaq, hər zaman oxuyub öyrənmək çox vacibdir”. 

 

Dietoloq olaraq da öz tövsiyələrini bildirən qonaq sağlam qidalanma ilə bağlı dərslərin məktəbdə vacib olduğunu vurğulayıb.  

 

Əgər Marsda məktəb qurulsa, o məktəbin necə olmasını istədiyi barədə də danışan xanım Mask orada müəllim olmaq istədiyini deyərək şagirdlərə xoşladıqları fənləri öyrənmələrinə imkan yaratmağı,  şagirdlərin xoşbəxt olması üçün fərqli məktəb, yaradıcı müəllim və yanaşmalardan ibarət mühit yaradılmağı önə sürüb. 

 

Görüşün yekunununda  proqramın ənənəvi “Yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?" sualına qonaq belə cavab verib: “Siz yeni çağırışları  yəqin ki qlobal miqyasda nəzərdə tutursunuz. Mən təmiz enerji və sağlam qidalanmanı, kişi və qadınların hüquqlarının bərabər şəkildə təmin olunmasını, iqlim dəyişikliyini, insanların bir-birinə qarşı mehriban və nəcib olmasını, ailə dəyərlərini qeyd edərdim. Sadalanası o qədər dəyərlər var ki, səkkiz guşəli ulduza necə sığdıracağımı bilmirəm. Amma 8 guşəni bu çağırışlarla tamamalamaq olar.  Yaxşı niyyətlə görülən işin qədrini bil, nə qədər çox çalışsan bir o qədər şanslı olarsan, əsla təşəbbüsündən imtina etmə və indi başla”.

Xəbər lenti