Paytaxtdakı məktəb və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə uşaq müdafiəsi və təhlükəsizliyi mövzusunda görüşlər keçirilir.
Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Bildirilib ki, Elm və Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən görüşlər Binəqədi, Səbail, Qaradağ, Sabunçu, Suraxanı və Yasamal rayonlarını əhatə edib.
BŞTİ-nin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova layihənin əhəmiyyətindən danışaraq məktəbyaşlı uşaqlarla əlaqədar baş verən xüsusi hallar, həssas qruplara daxil olan uşaqlarla işə diqqətin artırılmasının, eyni zamanda, layihə çərçivəsində valideynlərlə əməkdaşlığın vacibliyini vurğulayıb.
UNICEF-in Azərbaycan Nümayəndəliyinin Uşaq Müdafiəsi Proqramının rəhbəri Vüqar Salmanov uşaq müdafiəsində əsas problemlər və perspektivlər, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin rəhbəri Kəmalə Aşumova uşaqlara qarşı zorakılığın qarşısının alınması, zorakılığa məruz qalan uşaqlar və hüquq pozuntusu törətmiş uşaqlara sosial, psixoloji, hüquqi xidmətlərin təşkili ilə bağlı fikirlərini bildiriblər.
Görüşlərdə uşaqların müdafiəsinin daha səmərəli təşkili istiqamətində müvafiq təkliflər irəli sürülüb, mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Görüşlərdə məktəb və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Qeyd edək ki, görüşlərin paytaxtın digər inzibati rayonları üzrə də davam etdirilməsi nəzərdə tutulur.