Logo

Firudin Qurbanov: Təhsil müəssisələrinin rəhbərləri və təhsilverənlər arasında qadınların sayı ilbəil artmaqdadır

05.03.2021 13:08 259 baxış
IMG

Azərbaycan cəmiyyətində mövcud olan gender stereotipləri insanların peşə seçiminə də təsir göstərir. Qız və oğlanlar arasında təhsil maraqları müxtəlifdir. Oğlanlar adətən daha çox təbiət, texniki, tarix-humanitar fənlərə, qızlar isə tarix, ədəbiyyat, ana dili və xarici dil kimi humanitar fənlərə, eyni zamanda, müəllim və həkim ixtisaslarına meyllidirlər.

 

Tehsil.biz Təhsil Nazirliyinə istinadən xəbər verir ki, bu fikirləri nazir müavini Firudin Qurbanov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” qanunun icra vəziyyəti: imkan və çətinliklər” mövzusunda müzakirələr zamanı deyib.

 

“Təhsildə gender bərabərliyinin təmin olunması” mövzusunda məruzə edən nazir müavini qeyd edib ki, gender məsələləri ilə bağlı dövlətin yürütdüyü siyasətin əsas məqsədlərindən biri də gender stereotiplərinin aradan qaldırılması və insanlara onların fərdi qabiliyyətləri və xüsusiyyətlərinə görə münasibətin formalaşmasıdır. Firudin Qurbanovun sözlərinə görə, təhsil siyasətində qadınların təhsilin bütün pillə və səviyyələrində fəal iştirakı və karyera inkişafı əsas prioritetlərdən biridir. Məhz bu siyasətin nəticəsidir ki, təhsil müəssisələrinin rəhbərləri, təhsilalanlar və təhsilverənlər arasında qadınların sayı ilbəil artmaqdadır. Nazir müavini məruzəsində qızların təhsildən yayınma hallarının minimuma endirilməsi məqsədilə ümumi təhsil müəssisələrində görülən qabaqlayıcı tədbirlər barədə də məlumat verib.

 

Təhsil sistemində gender bərabərliyinin təmin edilməsi istiqamətində aparılan ardıcıl işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayan Firudin Qurbanov Təhsil Nazirliyi tərəfindən “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanuna bir sıra dəyişiklilərin edilməsi ilə bağlı təklifləri diqqətə çatdırıb.

Xəbər lenti